Samir Abasov: "Kimsə bizi gətirib olduğumuz yerdə otuzdurmayıb"

22:32 - 12 Aprel 2024

"Sumqayıt" Azərbaycan Premyer Liqasının 30-cu turunda doğma meydanda "Zirə" ilə 0:0 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

-  Bu oyundan sonra bir Sumqayıt sakini olaraq komandanın oyununa gələrdiz?

- 100 faiz gələrdim. Komanda pis oynamadı, turnir cədvəlindəki yeri pis deyil. Bu gün düşünmürəm ki, onları üzəcək bir şey etdik. Oyunda gərginlik var idi, hücumlar edirdik. Azarkeşlər pis günümüzdə də yanımızda olmalıdır.

Son oyunlarda "Sumqayıt"ın nəticələrinə hakimlərin səhvini önə gətirərək, kölgə salırlar. Bu, oyunlarınıza necə təsir edir?

- Son iki oyunda baş verənlərin bizimlə əlaqəsi yoxdur. Bir az yox, yetərincə təzyiq gəldi üzərimizə. Ümumiyyətlə bu haqda danışmaq istəmirəm. Kim desə ki, hakimlər "Sumqayıt"a kömək edir, həmin adamla oturub danışa, suallarına cavab verə bilərəm. Bu polemikaya girsəm, uzun söhbətlər olacaq. Mənim özümə də xoş olmayacaq. Dediklərim saytlara qoyulacaq, şərhlər, söyüşlər...

- Bu gün "Sumqayıt"ın hakim köməyinə ehtiyacı var?

- Kimsə bizi gətirib olduğumuz yerdə otuzdurmayıb. Son iki oyundan danışırıqsa, həmin komandalarla digər matçlarımıza baxaq. Həmin iki komandadan oyun baxımından üstünük. Qış fasiləsindən sonra uzun seriya yaxalamışdıq. "Qarabağ"la oyunda seriyamız qırıldı. Düşünmürəm ki, hansısa klubumuzun hakimə ehtiyacı olsun. Həmin oyunlarda biz də nələrdə ortaya qoya bilərik. Məsələn niyə Roy Kehatın qolu sayılmayıb? Amma biz bunun üzərinə getmirik. Həmin klublara da təşəkkür edirəm ki, bizə tərəf yozmadılar. Bu söhbətləri ört-basdır etmək lazımdır. Bizə heç də xoş deyil. Bu gün də hakimin yox, öz hesabımıza qələbə qazanmaq istəyirdik. 

- İlk yarının sonunda hakimlə mübahisə etdiniz. Həmin epizodda nə baş vermişdi?

- Meydanda olan epizodlara görə idi. Sarı vərəqələr məni də dilə gətirəcək. Referilərə qarşı mülayim davranmışam. Bilmirəm mütləq sarı vərəqə verilməlidir deyə qanun qoyulub, yoxsa necədir. Bu gün mənə verilən sarı vərəqə yersiz idi.

- İlk hissədə "Zirə", ikinci hissədə isə "Sumqayıt" yaxşı oynadı. Bu, bir taktiki gediş idi?

- Mənimlə sizin baxışınız fərqlidir. Siz yuxarıdan baxırsız, mən oyunun içində idim. İlk 10-12 dəqiqədə komandamda çaşqınlıq baş vermişdi. Oyuna nəzarəti ələ keçirəndən sonra bir az rahatlaşdıq. Kontrol bizdə olsa da, təhlükəli nəsə edə bilmirdik. Amma ikinci hissədə daha ürəkli olduq, başqa futbol oynadıq.

- İddialı komandalar arasında ən az büdcəsi olan "Sumqayıt"dır. Son zamanlar mətbuatda komandanız barədə müxtəlif xəbərlər çıxır. Sizə elə gəlmir ki, rəqibləriniz mətbuat yolu ilə üzərinizdə təzyiq yaradır?

- Söyüşə icazə var? Biz bunu vecimizə almırıq. Ən yumşaq formada deyirəm. Bu, bizə təzyiq deyil. Onları çox yaxşı başa düşürəm. Həmin klubların rəhbərləri soruşanda ki, bu qədər pul ayırmışam, niyə komanda bu yerdədir, bir şey deməlidirlər. Buna görə də media, sosial şəbəkələr vasitəsilə danışırlar. Mən və futbolçularım buna fikir vermirik. Bu il mediadan xoş sözlər almışıq.

- Komanda avrokuboklara vəsiqə qazansa, büdcə artacaq?

- İnşallah azalmasın. Artırmaq barədə rəhbərliklə danışmamışıq. Vəsiqəni qazanaq, baxarıq.

Elçin Əlixan

Xəbər xətti