"Sumqayıt" Azərbaycan Premyer Liqasının 31-ci turunda səfərdə "Turan Tovuz"u qəbul edib.
"Kimyaçılar"ın müdafiəçisi Elvin Bədəlov qarşılaşmadan sonra Sportal.az saytının əməkdaşının suallarını cavablandırıb:
- Tovuz səfəri həmişə çətin olur. Turnir cədvəli elədir ki, "Turan Tovuz" da avrokuboklar uğrunda mübarizə aparır. 6 xallıq oyun idi. Yaxşı ki, qələbə qazandıq. Çətin idi. Birinci hissə tam nəzarətimizdə idi. Buna görə də hesabda 2:0 öndə idik. İkinci yarıda rəqibin təzyiqi artdı. Amma yenə də oyundan qopmadıq. Yaxşı müdafiə olunduq, əks-hücumlara çıxdıq. Baxımlı qollar vurduq və layiqli qələbə qazandıq.
- Oyundan öncə belə fikirlər var idi ki, hakimlər "Sumqayıt"a kömək edəcək. Bu, oyununuza necə təsir edirdi?
- Belə söhbətlər bizim də qulağımıza çatır. Söz-söhbətlər çox olur. "Sumqayıt"ı "dartırlar", "hakimlər" kömək edir" söhbətləri gülməlidir. O imkan bizdə yoxdur ki, bizi "dartsınlar". Düzdür, hakim səhvləri olur. Tək bizə yox, bütün komandalara. Bu mövsüm referilərdən hamı şikayətlənir. Bu, normaldır. Amma hakimlərin bizə kömək etməsi fikri ilə razılaşmıram. Bu, fikirlər bizə motivasiya oldu. Layiqli qələbə qazandıq.
- Avrokuboklar mübarizəsində əsas rəqiblərinizdən biri ilə xal fərqini artırdız. Bundan sonra şansları necə dəyərləndirirsən?
- Deməzdim ki, sıradan çıxardıq. "Turan Tovuz"un da şansları var. Bir qələbə hər şeyi dəyişə bilər. Əlbəttə turnir cədvəli bizə bir az rahatlıq verir. Amma rəqiblərə baxsaq, gələn tur "Qarabağ"la, növbəti tur Tovuzda "Kəpəz"lə oynayacağıq. Hələ heç nə bəlli deyil. Qazandığımız bütün xallar bizim xeyrimizə olacaq.
- Mövsümün əvvəlində"Sumqayıt"dan gözləntilər elə də çox deyildi. Komandanın uğurlu performansının sirri nədir?
- Ötən mövsümlə müqayisədə xeyli dəyişikliklər olub. Demək olar ki, komandanın 80 faizi dəyişib. Yeni nəfəs, yeni qan həmişə özünü yaxşı tərəfdən göstərir. Kollektivə yaxşı oyunçular qoşuldu. Biz özümüz də performansımızı artırdıq. Baş məşqçimizin öz oyun üslubu var. Bu da bizə kömək edir. Hər şey bir yerdə olanda belə bir kollektiv yarandı. Düzdür, mövsümün əvvəlində avrokuboklar hədəfimiz yox idi. Amma şans varsa, niyə də yox?! Alınsa, yaxşı olar. Alınmasa da, bizim üçün problem deyil. Məqsədimiz növbəti illərdə daha yaxşı komanda olub daim avrokuboklar uğrunda mübarizə aparmaqdır.
- Növbəti turda rəqibiniz olan "Qarabağ" çempionluğu təmin edib. Bu, işinizi asanlaşdıra bilər?
- Baxır onların heyətinə, əhval-ruhiyyəsinə. Ötən mövsüm o qədər də uğurlu olmadığımız bir zamanda "Qarabağ"ı səfərdə məğlub etmişdik. Futboldur, hər şey ola bilər. Evdə, yeni stadionumuzda oynayırıq. İnanırıq ki, azarkeşlərimiz gələcək. Meydana qələbə üçün çıxacağıq.
- Səbuhi Abdullazadənin vurduğu baxımlı qol haqda nə deyə bilərsən?
- Ondan belə gözəl qol gözləyirdim. Siz ancaq oyuna baxırsız, biz isə məşqlərdə də görürük. Səbuhinin çox böyük potensialı, gücü var. O qola layiq idi. Çoxdan vurmalı idi. Səbuhi çox çalışır, onu təbrik edirəm. İnanıram ki, daha çox qollar vuracaq.
- İkinci yer tutub Avropa Liqasına getmək şansınız var. Sizin üçün bu vacibdir, yoxsa 4-cü olub avrokuboklara getmək?
- Mənim üçün medal qazanmaq daha önəmlidir. Amma reallıq bunu demir. Avrokuboklara vəsiqə qazansaq, maksimum nəticə sayılar. Amma 2-ci yer tutsaq, "Sumqayıt" üçün yeni tarix yazmış olarıq. 2-ci yeri istəyərəm. Amma bizim hədəfimiz o deyildi
- Başqa klublardan təkliflər var?
- Uğurlu mövsüm keçiririk. Ordan-burdan söhbətlər eşidirəm. Amma kkubla müqaviləm var. Buna görə də heç nə deyə bilmərəm.
Elçin Əlixan
saytlarin hazirlanmasi