"Sumqayıt" Azərbaycan Premyer Liqasının ilk turunda doğma meydanda "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Samir Abasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Çox ağır vəziyyətdə oyuna çıxmışdıq. Psixoloji durumumuz yaxşı deyildi. "Fehervar"la matçın məyusluğu hələ keçməmişdi. 13 saat yolda olduq. Hazırlıq üçün bir gün vaxtımız var idi. Uşaqlar çox güc qoydular, enerji itirdilər. Futbolçulara təşəkkür edirəm.
- Tempin aşağı olması yorğunluqla bağlıdır?
- Çempionatın oyunlarına baxanda görürsən ki, temp belədir. Hava şəraiti də öz sözünü deyir. Bu gün bürkü idi. Amma ilk oyun olduğuna görə belə hallar çox baş verir. İki komandada da dinamika düşmüşdü. Bu gün çox yorğun idik.
- Bu yeniyetmələrlə hara qədər gedəcəksiniz?
- Gənc, yeniyetmə olsun, fərqi nədir? Onlar hamısı komandamızın üzvüdür. Onlar da özlərini göstərməlidir.
- Əlinizdə olan heyətlə hədəf Premyer Liqada qalmaq olacaq?
- İndi hədəf harda danışmayacam. Əlimdə 13-14 futbolçu var. Onlarla da ən yaxşısını etməyə çalışacam. Hər oyuna qələbə üçün köklənəcəyik.
- Klub prezidenti Riad Rəfiyevlə münasibətləriniz necədir?
- Hər şey normaldır. Bu gün çox yaxşı futbol oynadıq və qalib gəldik. Mənə əsas lazım olan budur. Mən soyuqluq hiss etməmişəm. Hamımız situasiyanı anlayırıq. Bəlkə də kimlərsə aşırı kədərlənib. Mənim kədərlənməyə vaxtım yoxdur. Fikirləşmirəm ki, münasibətimiz pisdir.
Elçin Əlixan
saytlarin hazirlanmasi