Samir Abasov: "Transfer yoxdursa, belə davam edəcəyik"

21:05 - 11 Avqust 2024

"Sumqayıt" Azərbaycan Premyer Liqasının 2-ci turunda səfərdə "Turan Tovuz"a 0:1 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnmalistlərin suallarını cavablandırıb:

- İkinci hissədə qol vurmaq üçün çox əziyyət çəkdik. Əfsuslar olsun ki, oyun alınmadı. Buradan xalsız dönürük. Bəzi futbolçular yaxşı oyun keçirdilər. Oyunda yaxşı dinamika var idi. Futbolçuların basqıya reaksiya verməsi məni qane etdi. Onlara təşəkkür edirəm. Nəticəyə görə çox üzülürlər. Birinci hissədə bir-iki nəfərin zənciri qırması rəqibin üstünlüyünə çevrilirdi. Belə şeylər də olacaq. Bu da bir təcrübədir. İkinci hissədə oyun tam nəzarətimiz altında keçdi. Çempionat yeni başlayıb. Ümid edirik ki, hər şey yaxşı olacaq.

- Ehtiyat oyunçular skamyasının kasad olması nə vaxta kimi davam edəcək?

- Dəfələrlə demişəm, yenə təkrarlayıram. Bu haqda mənə sual verməyin. Transfer yoxdursa, belə davam edəcəyik. Transfer olmayacaq deyə məqsədimizdən dönməyəcəyik. Bir otyunda məğlub olmuşuq. Çempionat yeni başlayıb. Bu gün üçün çox möhkəm komandayıq.

- Vuynoviç dərk edir ki bura qol vurmağa gəlib?

- Dərk edir. Tək onluq deyildi. Bu gün hücum xəttində çox şey alınmırdı. Hücumameyilli oyunçulara irad bildirə bilmərəm. İlk hissədə cinah müdafiəçilərimiz aktiv deyildi. İkinci hissədə isə rəqib qapanandan sonra bizim üçün çətin oldu.

- Rezabalaya qarşı qayda pozuntusunu necə şərh edərdiniz? Sizcə, orada qırmızı vərəqə var idi?

- Hakim görməyə bilər. Bəs VAR hara baxır? Hakim atmosferə düşə bilər. Oyun çox dayanırdı. Əlavə vaxt çox olmalı idi. Bilmirəm bilərəkdən etdi, ya yox.

Elçin Əlixan

Xəbər xətti