Samir Abasov: "Belə çətin qələbələr xeyrimizə olacaq"

23:17 - 17 Avqust 2024

"Sumqayıt" Azərbaycan Premyer Liqasının 3-cü turunda doğma meydanda "Səbail"i 2:1 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Şahin Diniyev "Zirə" ilə matçdan sonra demişdi ki, komandam 3-cü turda yaxşı oyun göstərəcək. Doğrudan da elə oldu. Şahin Diniyev təcrübəli məşqçidir. Onlar ötən turda "Neftçi"yə qarşı yaxşı mübarizə aparmışdı. "Səbail" biz də daxil olmaqla bir çox komandadan xal alacaq. Oyunda gərgin mübarizə getdi. Rəqib istədiklərimizi etməyə imkan vermirdi. Futbolçularımı təbrik edirəm. Sona qədər inandılar. Bərabərlik qolunu buraxdıqdan sonra reaksiya verə bildik. Belə çətin qələbələr xeyrimizə olacaq.

- Şahin Diniyev bildirdi ki, oyunun ədalətli nəticəsi heç-heçə idi. Siz bu fikirlə razısız?

- Tamamilə razıyam. Fikirləşirəm ki, bugünkü matçın ədalətli nəticəsi elə heç-heçə idi. Futbolda belə şeylər olur.

- Oyun planınızda alınmadı?

- Futbolçularımız həddindən artıq top itkilərinə yol verirdi. Düşündüyümüz boşluqlardan istifadə edə bilmədik.

- Yeni transferləriniz hazır deyil?

- Bəli. Ümumiyyətlə hazırlıqdan söhbət gedə bilməz. Uzun müddətdir futbolsuz idilər. Gündə iki dəfə fərdi məşq edirlər. Nə vaxta hazır olacaqlarını demək çətindir.

Elçin Əlixan 

Xəbər xətti