"Səfərdə "Neftçi"yə qarşı ağır oyun keçirdik. Ardıcıl 4-5 oyunda uduzmuşuq. Bu pis gedişatı dayandırmaq istəyirdik. "Neftçi"yə qarşı pis oynamadıq. Hesabı açan tərəf də biz olduq. Bu oyun haqda ümumiyyətlə danışsaq, yaxşı şeylər deyə bilərik. Mövsümün hissəsinə baxanda, bu gün daha yaxşı görünürdük. "Neftçi" ilə görüşdəki mübarizə əzmini digər oyunlarda da əks etdirməliyik".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Sumqayıt"ın yarımmüdafiəçisi Roy Kehat deyib.
O, komandasının "Neftçi" ilə görüşdə 1:1 oynamasını belə şərh edib: "Hesabı açan tərəfsənsə, iki xal itirdiyini düşünmək olar. Amma etiraf edək ki, 1:1-dən sonra da "Neftçi"nin də qol şansları var idi. Fikrimcə, bərabərsəviyyəli oyun oldu. Nəticə ədalətli oldu".
İsrailli legioner komandasının Misli Premyer Liqasının 9-cu turunda qarşılaşacağı "Qarabağ" görüşü haqda bunu bildirib: "Qarabağ"ın Azərbaycanın ən yaxşı komandası olduğunu yaxşı anlayırıq. Onların performansını da görürük. Çox çətin oyun olacaq. Bu dəqiqdir. Ötən mövsüm biz onlara 3 oyunda uduzmuşduq. Bir dəfə qələbə qazanmışdıq. Növbəti turda onlarla oynayacağıq. Onlara qarşı sona qədər və ən yaxşı şəkildə mübarizə aparmağa çalışacağıq".
saytlarin hazirlanmasi