"Çox yaxşı başladıq. Oyun ərzində də üstün tərəf biz idik. Sadəcə "Turan Tovuz" fərdi səhvlərimizdən istifadə edib qapıya 4 zərbə endirdi və qollar vurdu. Ümumilikdə komandadan razıyam. Futbolçularım yavaş-yavaş fiziki cəhətdən daha da yaxşılaşacaq. İstədiyimiz daha da sürətli futbolun şahidi olacağıq. Bugünkü məğlubiyyətin məsuliyyətini mən daşıyıram, futbolçuların heç bir günahı yoxdur. Nəzarət bizdə idi. Şanssızlıq məğlubiyyətə gətirib çıxardı".
Sportal.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın müvəqqəti baş məşqçisi Vaqif Cavadov Misli Premyer Liqasının 10-cu turunun "Turan Tovuz"la görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.
- Futbolçuların fiziki durumunun yaxşı olmadığını düşünürsüz?
- Samir Abasov ən azından Azərbaycanda sayılıb-seçilən məşqçilərdən biridir. Komandanı tərk edibsə, onun haqda danışmağa ehtiyac duymuram. Etdiyi işlərə görə təşəkkür edirəm. "Sumqayıt" üçün böyük işlər görüb. Ona "Neftçi"də uğurlar arzulayıram. Komandanı bir həftədir ki, götürmüşəm. Bəzi futbolçuların meydanda göstərdiyi performansı.... Onu siz də görürüsüzsə, mənim bu haqda danışmağıma ehtiyac yoxdur. Futbol hazırda fiziki güc tələb edir. Bu yöndə çalışacağıq. İnanıram ki, yaxın zamanda çatışmazlıqları aradan qaldıracağıq.
- Oyun planınız nədən ibarət idi?
- Cinah ötürmələrimizdən sonra "Turan Tovuz" böyük problemlər yaşayırdı. İlk 10 dəqiqədəki epizodlarımız və vurduğumuz qollar da cinah ötürmələrindən sonra yaranmışdı. Əksinə, "Turan Tovuz"un hücumlarının qarşısını aldıq. Rəqibin üstün cəhəti hava topları idi. Sırf bizim oyunçularımızın orta xətdəki fərdi səhvlərinə görə, bu gün qollar buraxdıq. Rəqibin vurduğu qollar da gözəl alındı. "Turan Tovuz"un dominant futbol oynadığını görmədim. Əks-hücumda bizi tutmadılar.
- Premyer Liqada, "Sumqayıt"da baş məşqçi kimi işləməyə özünüzü hazır hesab edirsiz?
- Mən vəzifəyə qaçmamışam, indi də qaçmıram. Karyeramı bitirdikdən sonra U-17, U-19, daha sonra əvəzedici heyətlə çalışdım. Mən hansısa komandada köməkçi məşqçi də işləyə bilərdim. Amma aşağı yaş qruplarından başladım. Pillə-pillə. Bu gün özümü hazır hiss etməsəydim, rəhbərlik də bunu hiss etməsəydi... Sabah baş məşqçi kimi karyera alınmasa, özüm istefa verib, gedərəm. Bəlkə başqa peşədə, adminstrator kimi çalışaram. Ya da öz üzərimdə işləyərəm, hazır olanda da yenidən qayıdaram. Bugünkü gündə özümü hazır hiss edirəm. Oyun planında işıq gördüyünüzə inanıram. Bu siqnaldır. İnanıram ki, komanda daha da yaxşı olacaq. Komandamda kimliyindən asılı olmayaraq, intizam bir nömrədir. Cordan Rezabal çox yaxşı oyunçudur. Amma bir oyunçu komandanın lehinə mübarizə aparırsa, o, dərhal əvəzlənəcək. Mənim üçün önəmli olan birlik, bərabərlikdir. Hər futbolçu bunu dərk etməlidir.
- Hesab 0:3 olana qədər günahkar Rezabala idi?
- Mən onu günahkar kimi göstərmirəm. Hər bir futbolçu top itirə bilər. Mən demirəm ki, Rezabal top itirib. Meydançada olan hərəkətləri var idi. Hər oyunçu top itirə bilər. Amma ondan sonra hərəkətləri necə olacaq? Qol buraxmamaq üçün can yandıracaqsan? Yenidən qazanmaq üçün nə edəcəksən? Bunu görmədiyin halda... Amma Rezabalanın yaxşı futbolçu olmasına şübhəm yoxdur.
- Qısa müddətdə nəyisə dəyişmək asan deyil. Samir Abasovun komandasında nəyi dəyişmək istəyirsiz?
- Hücuma daha çox çıxmaq istəyirik. Əvəzetmələr cinahları, hücum xəttini yaxşılaşdırmaq üçün idi. Fiziki cəhətdən 90 dəqiqə irəlidə oynamaq üçün onu dəyişdirəcəm. Topa az sahib olmaq o demək deyil ki, ancaq uzun top etmək lazımdır. İrəlidə daha da aktiv olmalıyıq. Hər bir futbolçu irəlidə özünü doğrultmalıdır, özündən də nəsə fikirləşməlidir. Onlar məcburdur. İnanıram ki, sürətli oynayan "Sumqayıt" görəcəyik. Necə ki, zaman-zaman bu oyunda gördük. İnanıram ki, bunu yaxşılaşdıracağıq.
- "Turan Tovuz”a iki qol vurmaq asan deyil. Amma müdafiədə problemlər var. Növbəti turda “Səbail”lə oyunda səhvlər etməməkçün nə planınız var?
- "Səbail"lə oyun da maraqlı olacaq. Onlara da, bizə də xal lazımdır. İnanıram ki, dəyişikliklər olacaq. İnanıram ki, həmin səhvlər olmayacaq. Mən burada olduğum müddətdə həmin səhvlər bağışlanmayacaq. Topu itirmək olar. Amma yenidən qazanmaq üçün addım atmaq lazımdır. Kim istəkli, kim can atacaqsa, o da əsas heyətdə olacaq. İsimdən, futbolçudan asılı olmayaraq.
- Matçın 25-ci dəqiqəsində sizi istefaya səsləyirdilər...
- Futbolçu karyeramda yaxşı oynadığım dövrdə də tənqid olunurdum. İndiki halda yeni baş məşqçiyəm, ya bu kiminsə sifarişidir, ya da futboldan anlamayan insanlardır. Sumqayıtlı azarkeşlər, mətbuat məni dəstəklədi. Sizdən gələn dəstəyi şəhərdən də, rəhbərlikdən də görürəm. Futbolçu kimi Azərbaycan futboluna hardasa xeyrim dəyibsə, məşqçi kimi də faydalı olacağıma əminəm.
Mirbağırağa
saytlarin hazirlanmasi