"Mən Azərbaycanın qələbə qazanmaq üçün böyük şansa malik olduğunu düşünmürəm"

13:12 - 3 Sentyabr 2013

Bibras Natxo: "Abışov söz verib ki, onlar qələbə üçün gələcəklər"
 
Futbol üzrə İsrail yığmasının yarımmüdafiəçisi Bibras Natxo DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini açıqlayıb.
 
Sportal.az  xəbər verir ki, Rusiyanın “Rubin” klubunun futbolçusu İsrail mətbuata müsahibəsində öncə zədəlilərin çoxluğundan şikayətlənib:
 
“Mən komandamızın sonuncu dəfə nə vaxt bu qədər zədə ilə üzləşdiyini xatırlamıram. Yığmamızla bağlı nə vaxt hansısa xəbər oxuyuramsa, bu və ya digər bir oyunçunun sıradan çıxdığını görürəm. Bu, heç də xoş deyil”.
 
Lakin buna baxmayaraq, o, komandasının yığmamızla oyunda qələbə qazanacağına inanır:
 
“Bizim kifayət qədər yüksək səviyyəli oyunçularımız var ki, Azərbaycanla qarşılaşmada üç xal qazana bilək. Hələlik Rusiya ilə qarşılaşmanı düşünmürük. Bizim üçün daha vacib olan növbəti oyunumuzdu. Ruslarla görüş barədə ondan sonra düşünərik”.
 
Natxo “Rubin”dəki komanda yoldaşı Ruslan Abışov barədə də danışıb:
 
“Əlbəttə, bu oyunla bağlı Ruslanla çox danışmışıq. Başqa cür ola da bilməzdi. Çoxlu zarafatlaşmışıq. Onun sözlərindən belə başa düşdüm ki, bizimlə oyuna ciddi kökləniblər. Mən Azərbaycanın qələbə qazanmaq üçün böyük şansa malik olduğunu düşünmürəm. Amma Abışov söz verib ki, onlar qələbə üçün gələcəklər. Görünür, onlara qarşı oynamaq daha maraqlı və xoş olacaq”.

Xəbər xətti