İsrail da cəzalandırılacaqmı?
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində bu gecə keçirilmiş İsrail – Azərbaycan matçı qalmaqalla yadda qalıb.
Sportal.az xəbər verir ki, Ramat Qandakı qarşılaşma zamanı israilli fanatlar stadionda Dağlıq Qarabağdakı erməni icmasının saxta bayrağını qaldırıblar.
Qeyd edək ki, bu, son dövrlərdə azərbaycanlı futbolçuların üzləşdiyi ikinci belə təxribatdı. Belə ki, bir müddət öncə Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçirilmiş “Qarabağ”ın Polşa “Piast”ı ilə səfər matçında polşalı fanatlar da oxşar təxribata əl atmışdılar. Lakin o zaman “Qarabağ” rəsmilərinin dərhal məsələyə müdaxiləsi həmin saxta bayrağın tribunadan yığışdırılması ilə nəticələnmişdi. Ağdam klubu həmçinin UEFA-ya da şikayət ünvanlamışdı və nəticədə bu günlərdə qitə futbol qurumu “Piast”a ağır cəza kəsdi. Belə ki, UEFA İntizam Komitəsi Qlivitse komandasını 5 min avro cərimələdi. İntizam Komitəsi cərimə ilə yanaşı, kluba məxsus stadionda “Ultras” fanat qrupunun yer aldığı hissəni də bağlayıb.
Güman ki, AFFA rəhbərliyi də bu məsələ ilə bağlı UEFA-ya rəsmi şəkildə şikayət edəcək və Ramat Qandakı stadion, eləcə də İsrail Futbol Federasiyası sözügedən təxribata görə cəzalanacaq.
saytlarin hazirlanmasi