UEFA prezidenti yeni stadionun açılışında FOTOLAR

13:23 - 23 Sentyabr 2013

Maraqlı hadisələrdən biri isə meydanın mərkəzində yaşandı
 
Sentyabrın 21-də Sumqayıtda müasir qurğu və avadanlıqlarla təchiz edilmiş yeni stadionun açılış mərasimi keçirilib.
 
Sportal.az "Sumqayıt"ın rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə Azərbaycanda səfərdə olan UEFA-nın prezidenti Mişel Platini, AFFA-nın prezidenti Rövnəq Abdullayev, adıçəkilən qurumun baş katibi Elxan Məmmədov, Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizov, "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev, "Sumqayıt" Futbol Klubunun prezidenti Kamran Quliyev, A milli komandanın baş məşqçisi Berti Foqts, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və KİV nümayəndələri iştirak edib. 
 
Açılış mərasimində ilk olaraq AFFA-nın baş katibi Elxan Məmmədov yeni stadionun əvvəlki vəziyyətini əks etdirən və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yeni layihəsindən ibarət fotostendləri Mişel Platiniyə nümayiş etdirib. Şəkillərə baxan Platini daha sonra stadionun inzibati binasına daxil olub. Qonaq mətbuat konfransı, soyunub-geyinmə otaqları və fitnes zalına baş çəkib. "Sumqayıt" Futbol Klubunun prezidenti Kamran Quliyev isə öz növbəsində Platiniyə inzabati binananın çoxfunksiyalı olmasından və klubun strategiyası haqqında məlumat verib. UEFA-nın rəhbəri yeni stadionu bəyəndiyini deyib və "Sumqayıt" FK-ya uğurlar arzulayıb. Ardından 1300 nəfərlik stadionun qazonuna daxil olan qonaqlar dolu tribunalar tərəfindən alqışla qarşılanıb. Platini rəsmi qonaqlarla birlikdə AFFA tərəfindən təşkil olunmuş futbol festifalda gənc futbolçuların məşq prosesini izləyib. 
 
Maraqlı hadisələrdən biri isə meydanın mərkəzində yaşanıb. Belə ki, stadionda məşq edən gənc qapıçılardan biri Platiniyə yaxınlaşaraq əlindəki topu ona uzadıb və qonaqdan zərbə vurmasını xahiş edib. "Sumqayıt" Futbol Klubunun akademiyasının qolkiperi UEFA prezidentinin zərbəsindən sonra topu dəf edərək alqış qazanıb. Platinidən sonra isə A milli komandanın baş məşqçisi Berti Foqtsun da cəhdi uğursuz alınıb. Bundan sonra meydanda olan gənc futbolçular Platiniyə yaxınlaşaraq onun karyerası ərzində oynadığı matçlardakı şəkilləri təqdim etməklə imza toplayıblar. Ardınca rəsmi qonağa "Sumqayıt" Futbol Klubunun 50 nömrəli futbol forması hədiyyə olunub. Kamran Quliyev 50 rəqəminin Sumqayıt şəhəri üçün hansı mənanı daşıdığını Platiniyə bildirib. Platini isə öz növbəsində "Sumqayıt" FK-nun formasını və xüsusi topu imzalayaraq klubun muzeyinə hədiyyə edib. 
 
Stadionla tanış olan və görülmüş işləri yüksək qiymətləndirən UEFA-nın prezidenti Mişel Platini "Sumqayıt" FK-nun bu uşaqların timsalında etibarlı və ümidverici bazaya malik olduğunu vurğulayıb. Platini həmin gün qolsuz heç-heçə ilə başa çatan "Neftçi" - "Sumqayıt" görüşünü də izləyib. 
 
 
 

Xəbər xətti