"Zirə" ilə matça qələbə üçün çıxacağıq, indiki durumumuz bizi qane etmir"

11:22 - 24 Noyabr 2025

"Kəpəz"in futbolçusu Fərid Nəbiyev Sportal.az saytına açıqlama verib. O, komandasının Misli Premyer Liqasının 12-ci turunda "Karvan-Yevlax"la matçındakı qələbəsini şərh edib:

"Oyun çox gərgin keçdi. İki komanda da autsayder idi. Çalışdıq ki, bu matçda qalib gələk və ən azından sonuncu pilləni tərk edək. Qalib gəldik, ilk hissədə yetərincə qol epizodlarımız oldu. Sadəcə dəyərləndirə bilmədik. Lakin qalib gəlib, son pillədən çıxdıq. Kaş ki, oyunlarda həmişə bu cür atmosfer olardı. Biz təbii ot örtüyündə məşq edirik, gəldik süni meydançada oyuna çıxdıq. Həm də, süni örtüklü meydança o qədər də ideal deyildi. Qaçanda narahat edirdi. Bununla belə, komanda şəklində pis təsir bağışlamadıq".

Gəncə təmsilçisinin aparıcı futbolçusu növbəti turda oynayacaqları "Zirə" ilə matçdan gözləntilərini də bölüşüb: "Zirə" ilə Yevlaxda oynayacağıq. Artıq "Karvan-Yevlax"la matç geridə qalıb, "Zirə" oyununa hazırlaşacağıq. Həmin görüşə də qələbə üçün çıxacağıq. Çünki indiki durumumuz bizi qane etmir. Nə qədər xal toplasaq, bizim üçün o qədər yaxşıdır. Ev oyunlarımızı Yevlaxda keçirəcəyik. Ora uyğunlaşmalıyıq. Qəbələyə getmək çətin olurdu. Hər oyunu demək olar ki, səfərdə oynayırdıq. O da bizə bir az çətinlik yaradırdı. Amma Yevlax Gəncəyə yaxındır. Biz də çalışıb Yevlaxdakı oyunlarımızda mümkün qədər xal toplamalıyıq ki, indiki durumdan çıxaq".

Mirbağırağa

Xəbər xətti