"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 20-ci turunda "Qəbələ"yə 0:5 hesabı ilə uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, 38 yaşlı mütəxəssis məğlubiyyəti şərh edib:
"Qəbələ"ni təbrik edirəm. Onlar bu gün qələbəni bizdən çox istədilər. Əsl əzmkar komandadır. "Sumqayıt"da işlədiyim müddət ərzində belə zəif oynamağımız yadıma gəlmir. Danışılası bir şey yoxdur. Çox pis məğlubiyyətdir. Çalışacağıq ki toparlanaq və gələn oyuna hazırlaşaq.
Abbasov bu məğlubiyyətdən dərs çıxaracaqlarını bildirib:
"Futbolçuları başa düşürük, onlar da insandır. Amma biz komandanı oyuna hazır eləmişdik. "Qəbələ"nin evdə belə qələbələri var. Burada "Səbail"i və "Zirə"ni yaxşı oyunla udmuşdular. Bilirdik ki, buranın havası da komandamızın istədiyi kimi olmayacaq. İndi isti başla nə isə demək olmur. Bu, mənim üçün böyük məğlubiyyətdir və bundan nəticə çıxarmalıyıq".
Gənc mütəxəssis nəticəni öz üzərinə götürüb:
"Qələbələri də futbolçularla qazanırıq. Ölkə kubokunda yarımfinala vəsiqə qazanan da bu komandadır. "Qarabağ"ı məğlub etmişik və bu gün hələ ki, 4-cü yerdəyik. Bir oyuna görə hər şeyi futbolçuların üstünə ata bilmərəm. Günah varsa, birinci baş məşqçidədir. Zəif oyunlar olur. Vurğun Hüseynov zədəlidir, Cəmaləddin Xocaniyazovun 4 sarı vərəqəsi var idi. Mehdi Şərifi xəstədir. Böyük seçim imkanımız yoxdur. Amma bu, o demək deyil ki, təslim olmalıyıq. Daha məsuliyyətli olmaq lazımdır. Biz də, futbolçular da bilməliyik ki, belə səhvlər etməyə ixtiyarımız yoxdur. Bu, bizə gələcəkdə böyük çətinliklər yarada bilər".
saytlarin hazirlanmasi