Ayxan Abbasov: "Reallığı görürük və hansı yola çıxdığımızı bilirik"

22:00 - 21 Avqust 2020

Azərbaycan Premyer Liqasının I turunda keçirilən "Sumqayıt" - "Keşlə" oyunundan sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, 39 yaşlı mütəxəssis əvvəlcə məğlubiyyəti şərh edib:

 

- Futbol üçün darıxmışdıq. Qalib də gələ bilərdik, amma sonda məğlub olduq. Bəlkə də, ədalətli nəticə bərabərlik idi. Futbolçularım bacardıqlarını etdilər. Bəzi futbolçuların gec qoşulmağı bizi bir az geriyə saldı. Vaxtımız azdı, qarşıdakı Avropa Liqası oyununa hazırlaşacağıq. Qarşıda bizi böyük işlər gözləyir. Komandada yeni futbolçular çoxdu. Səbrli olub, işimizi davam etdirəcəyik.

 

- Bir neçə gün əvvəl yoxlama oyununda "Zirə"yə qarşı yaxşı performans sərgiləmişdiz. Amma bu gün komanda bir az zəif idi...
- "Zirə" ilə oyun yoxlama idi. Həmin matç bizi aldatmalı deyil. Bu gün rəqibimizin "Keşlə" olduğunu utanmayaq. Məncə, bu gün o qədər də pis oynamadıq. Bizə vaxt lazımdı, qısa zamanda nəsə əldə etmək çox çətindi.

 

- Rəhim Sadıxov penalti epizodunda qərar verə bilmirdi...
- Ötən il penalti vuranlarımız indi komandada deyil. Hazırda penalti vuranlarımızdan biri Rəhimdi. Futboldu, belə şeylər olur. Bilirəm ki, o da qol vura bilmədiyi üçün məyus oldu. Bəlkə qol olsa, fərqli olardı.

 

- Görünən odu ki, komandanın oyunçu potensialı bundan artığını edə bilmir...
- Əlbəttə, futbolda reallıq var. Biz söz verməmişik ki, bu yeri tutacağıq, bunu edəcəyik. Heyətimizə gənc futbolçular var, onların da qarşısını almaq istəmirik. Düzdü, nəticə istəyirik. Amma digər klubların şansı var ki, legioner gətirsin, nəsə etsin. Bizim klubun strategiyası başqadı. Biz reallığı görürük və hansı yola çıxdığımızı bilirik. Səbrli olub, pillə-pillə inkişaf etməliyik. Bu gün bizim yolumuz tam başqadı. Bir oyunla qərar vermək düz deyil. Böyük ölçüdə götürsək, biz bu gün zəif oynamamışıq. Bizim hədəfimiz var. O demək deyil ki, biz gəncləri oynadıb, uduzmağa razıyıq. Biz mübarizə aparacağıq. Bu gün "Keşlə" bizdən 3 baş üstün olsaydı, sizlə razı olardım.

 

- Son dəqiqələrdə qolun gələcəyi hiss olunurdu. Bunun qarşısını almağa nə mane oldu?
- Son dəqiqələrdə yorğunluq oldu. Bu tempə uyğunlaşmaq çətindi. Bu gün bir az soyuqqanlılıqda və təcrübədə uduzduq.

 

- Avropa Liqasındakı rəqibini "Şkendiya"nı nə zaman təhlil edəcəksiz?
- Sabahdan futbolçuları Avropa Liqası matçına hazırlayacağıq.

Xəbər xətti