Azərbaycan Premyer Liqasında II turun "Neftçi" - "Sumqayıt" oyunundan (0:2) sonra təşkil olunan mətbuat konfransında qonaq komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı.
Sportal.az xəbər verir ki, 39 yaşlı mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirdi:
- “Neftçi"yə "Qalatasaray"la oyunda uğurlar arzulayıram. Füzuli Məmmədovun komandasının mərhələni keçməsini çox istərdim. "Avropa Liqasında məğlub olsaq da, fasilə bizə yararlı oldu. Yeni gələn oyunçularımız var idi, yoxlama görüşü keçirdik. Yasvaş-yavaş formaya düşürük. Futbolçularıma təşəkkür edirəm. Taktikanı düzgün yerinə yetirdilər, əzmkarlıq göstərdilər, rəqibin boşluqlarından istifadə etdilər. Azarkeşlərimizi təbrik edirəm. Ürəkləri bizimlə idi.
- Mehdi Cənnətovun durumu nə yerdədir?
- Yəqin ki, sabah dəqiq biləcəyik. Amma çox güman ki, yüngül dartılma var. Aydın Bayramovu komandaya dəvət edəndə çox şans vermək istəmişik. Etiraf edim ki, bu gün Mehdi ilə Aydın arasında böyük fərq görmürəm. Bu gün onun meydana çıxmasına sevindim.
- Son günlərin qəhrəmanı olan Rəhim Sadıxovu ehtiyatdan meydana buraxdınız. Düşünmürsünüz ki, buna görə sizi qınaya bilərdilər?
- Məşqçi əgər kənarda nə yazılacağını fikirləşəcəksə, zəiflik edir. Rəhimi bura inanıb gətirmişik. Ona da demişəm ki, millinin bir nömrəsi olacaqsan. Yığmanın heyətindən gələndə çox yorğun idi. Hətta Mehdi ilə Aydın arasında da seçim edirdim. Kaş start heyətində Aydın Bayramovu oynadardım. Komandamızda yaxşı rəqabət var. Bu gün oynamayanların hazırlığından da razıyam.
- Bu "Neftçi" "Qalatasaray" önündə nə edə bilər?
- Rəqib haqda danışmaq yaxşı deyil. Amma inanıram ki, həmin oyun tam fərqli olacaq. Bu gün bəlkə də "Qalatasaray"la oyunu fikirləşirdilər. Bu bir az mane ola bilər. İnanıram ki, Füzuli Məmmədov komandasını toparlaya biləcək.
- Əvvəlki rəsmi matçlarla müqayisədə bu gün tam fərqli "Sumqayıt" var idi. Bu dəyişikliyin səbəbi nədir?
- 3 həftəlik toplanış keçdik. Bugünkü futbolçuların 60 faizi yox idi. "Şkendiya" yaxşı komanda idi. Həmin oyunda da pis oynamadıq, sadəcə qolumuz çatmadı. Yeni futbolçular gələn komandada səbr lazımdır. Yavaş-yavaş artıracağıq.
- Əli Qurbani özünü çox yerə atırdı...
- Ona dəyən zərbələr kimə dəysəydi, daha çox səs çıxarardı. Sizin iradı nəzərə alıb, deyərik ki, yavaş səs çıxarsın?
- "Sumqayıt"dan milliyə başqa kimi namizəd sayarsınız?
- Məni üzən o oldu ki, millinin oyunçuları barədə çox müzakirə oldu. Ən çox da Elvin Bədəlov haqda. Suallar verilirdi ki, bunu haradan gətiriblər. Amma Elvin sübut elədi ki, futbol oynaya bilir. Bizim komandada stabil oynayan futbolçular var. Vüqar Mustafayevi qeyd edə bilərəm ki, orta sahədə ən yaxşılardandır. Həmçinin U-21-dəki Səbuhinin böyük potensialı var. Millinin məşqçiləri analiz edib, kimi məsləhət bilsə çağıracaq.
- Mətbuatda xəbərlərlər paylaşılır ki, sponsorlar "Sumqayıt"a lazımi büdcə ayırmırlar. Maliyyə problemi ilə üz--üzəsiniz?
- Bizim öz büdcəmiz var. Klubun himayədarları qarşımıza da böyük məqsəd qoymayıb. Gənc yerliləri və kənardakı azərbaycanlıları yığırıq. İlk turdan sonra demişdim ki, səbrli olun. Düzdür, digər komandalarla müqayisədə büdcəmiz az ola bilər. Amma bizə nə söz verilibsə, yerinə yetirilib.
- "Neftçi" və "Sumqayıt"ın büdcə və oyunçularını dəyişsək, hesab daha böyük olardı?
- Mənə görə, büdcə ilə nəticə olmur. Büdcən çoxdursa, o demək deyil ki, çempion olacaqsan. Azərbaycanda üçqat büdcəsi olub Avropa Liqasında bir mərhələ keçə bilməyən komanda olub. Amma "Qarabağ" az büdcə ilə pley-offa qədər gedib. Çempionlar Liqasında qrupa elə komandalar düşür ki, rəqibləri ilə müqayisə oluna bilməz. Hər bir klubun öz məqsədi olmalıdır.