Rəhim Sadıxov bir ildən artıqdı “Sumqayıt”ın şərəfini qoruyur. “Kimyaçılar”ın heyətində ötən mövsüm Premyer Liqada 16 oyuna çıxan yarımmüdafiəçi meydanda olduğu 1092 dəqiqədə üç dəfə fərqlənib.
Ölkə çempionatını yaxından izləyənlər, xüsusilə də sumqayıtlı futboilsevərlər Rəhimin necə futbolçu olduğunu yaxşı bilir. Ancaq geniş publika ucaboy, sarışın yarımmüdafiəçini yığmanın Cənubi Kiprlə oyunundan sonra tanıdı.
Məhz Nikosiyada keçirilən və Canni De Byazinin çalışdırdığı komandanın minimalhesablı qələbəsi ilə yekunlaşan oyunda Rəhimin “ulduzu parladı” desək, yanılmarıq.
Meydanın mərkəzində yer alan Sadıxov yığmada debüt etməsinə baxmayaraq, inamlı oyunu ilə Millətlər Liqasında qazanılan qələbədə əsas pay sahiblərindən biri oldu.
Futbolçu var ki, gündəmdə olmağı xoşlayır, yeri gəldi-gəlmədi mediaya palaz-palaz açıqlamalar verir, hər imkanda telekanallarda, radioda olmağı xoşlayır.
Futbolçu da var ki, mətbuatdan yan qaçır, jurnalistlərlə ünsiyyət qurmağı xoşlamır, daha çox kölgədə qalmağa üstünlük verir. Rəhim də məhz ikincilərdəndi.
2019-un payızında “Sumqayıt”a qoşulan yarımmüdafiəçi geridə qalan müddətdə heç bir mətbu orqana, sayta, telekanala danışmayıb. Komanda yoldaşlarının dediyinə görə, sakit təbiətli, yumşaq xarakterə malik Rəhim “Sumqayıt”ın düşərgəsində də adamayovuşmazlığı ilə seçilir.
Necə deyərlər, Sadıxov “danışdırsan, danışacaq, danışdırmasan, ağzını açmayacaq” insan tipidi.
Bəlkə də bu üzdəndi ki, yuxarıda qeyd etdiyimiz kimi, Cənubi Kiprlə oyunun qəhrəmanlarından biri haqda informasiya baxımından bir boşluq var. Həmin boşluğu aradan qaldırmaq, daha yaxından tanış olmaq üçün Rəhimlə danışmağa qərar verdik.
Yarımmüdafiəçi ənənəsinə sadiq qalaraq bu dəfə də müxtəlif bəhanələrlə “aradan çıxmağa” çalışsa da, “Sumqayıt”ın mətbuat katibi Rəşad Məmmədovun köməyi ilə ondan bir-iki kəlmə qopara bildik:
“Moskvada doğulub boya-başa çatmışam. Bütün uşaqlar kimi futbolda ilk addımlarımı məhlədə atmışam. Kiçik yaşlarımdan həmyaşıdlarımla həyətimizdəki kiçik meydançada səhərdən axşama kimi top qovurduq. Anamın rəfiqəsinin oğlu həmin vaxt “Spartak”da oynayırdı. Onun köməyi ilə Moskva klubunda baxışda oldum və bəyənildim. 9-10 yaşımda artıq “Spartak”ın üzvü idim”.
“Qırmızı-ağlar”ın akademiyasında böyüyən Sadıxov bütün yaş qruplarında çıxış etdikdən sonra əvəzedici heyətə yollanıb. Ordan isə böyük futbola yolu açılıb:
“Akademiyadan sonra əvəzedici heyətə dəvət olundum. Bir il ikinci komandanın uğurları üçün çalışdım. Ondan sonra isə Rusiya çempionatının ikinci divizionunun Qərb zonasında çıxış edən “Solyaris”dən dəvət aldım.
“Solyaris” peşəkar müqavilə bağladığım ilk klub oldu. İki mövsüm Moskva təmsilçisində çıxış etdim və 16 oyuna çıxdım. Ardınca paytaxtın daha bir təmsilçisi “Torpedo”nun təklifini dəıyərləndirdim. 3 il də onların şərəfini qorumuşam”.
Rəhim “Sumqayıt”a gəlişini isə belə xatırlayır: “Sumqayıt” barədə heç bir informasiyam yox idi. Düzünü desəm, Azərbaycan premyer-liqası haqda təsəvvürüm belə yox idi. İndiki klubumdan təklif alanda bir qədər tərəddüd etdim. Çünki o vaxta kimi heç vaxt evimi tərk etməmişdim. Ona qədər ancaq Moskvada yaşamışdım və paytaxt klublarında çıxış etmişdim.
Rusiya daxilində hətta Moskvadan kənara çıxmayan biri üçün birdən-birə başqa ölkəyə getmək bir qədər çətin idi. Yola çıxmamışdan bir neçə gün öncə “Sumqayıt”ın iştirakı ilə keçirilən bir neçə qarşılaşmanın icmalını izlədim. Qərarımda yanılmayacağımı düşünüb Sumqayıta gəldim və bu gün də bu addımı atdığıma görə peşman deyiləm. İstər klub, istərsə də şəhər ürəyimcədi, burda özümü rahat hiss edirəm. Komandanın möhtəşəm azarkeşləri var.
Təəssüf ki, pandemiya səbəbindən yeni mövsümdə onların stadiona girişinə icazə verilmir. Ancaq ümid edirəm ki, müəyyən vaxtdan, vəziyyət düzələndən sonra bu qadağa aradan qalxacaq və biz yenidən rəqiblərimizlə ürəyi komanda ilə döyünən azarkeşlərlə dolu tribuna qarşısında qarşılaşacağıq”.
Bəzi sualları cavablamaqdan imtina edən Rəhim sonda yığmadakı debütünə də toxundu: “Milli ilə bağlı yalnız xoş təəssüratım qalıb. İlk oyunumda komandamızın qalib gəlməsi mənim üçün ikiqat sevinc oldu. Öz ölkəmin əsas komandasının şərəfini qorumaq mənim üçün xoşdu və inanıram ki, qarşıdakı matçlarda daha da yaxşı oyun sərgiləyib yığmaya daha çox fayda verməyi bacaracam. Eyni zamanda azarkeşlərin də sevgisini qazanmaq mənim üçün vacibdi” (Futbol+).
saytlarin hazirlanmasi