"Çempionat yenidən başladı. Hər kəs yarışı izləyir. İnanıram ki, hər oyun maraqlı olacaq. Bizim üçün vacib matç idi. Çoxdandır ki, qələbə qazanmırdıq. Bəzi oyunlarda uduzmuşduq. "Keşlə" komandasını tanıyırıq. İkinci qolu vurmalıydıq. Bilirdik ki, rəqib üstümüzə gələcək, amma sonunu gətirə bilmədik. İlk 3 tur ağır keçəcək. Sonadək mübarizə aparacağıq".
Sportal.az xəbər verir ki, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın XIV turunda səfərdə "Keşlə"yə 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis bildirib ki, çempionatda autsayder yoxdur: "Komandalar arasındakı xal fərqi azdır. "Neftçi" və "Qarabağ" çıxmaq şərti ilə hansısa komandanı favorit adlandırmaq çətindir. Növbəti turda "Səbail"lə matç çətin olacaq".
Abbasov ikinci hissədə zəif oynamalarını bu cür əsaslandırıb: "Keşlə" hücuma atıldı, Vüqar Mustafayevi arxaya çəkdik. Rəhim Sadıxov xəstəliyi ağır keçirmişdi. Formasından uzaq qalıb. Bu gün başqa cür oyun gözləyirdim. Rəqibin də təhlükəli epizodları oldu, biz də mübarizə apardıq və düzgün müdafiə olunduq".
Baş məşqçi deyib ki, transferlərə böyük pullar vermirlər: "Kərəm Sultanov pis futbolçu deyil. O ağır zədə keçirib və əməliyyat olunub. Biz də risk etdik, avrokubokda çıxış edəcəkdik, ona görə heyətimizə qatdıq. Ona uğurlar arzulayıram. Bizdə cinahda böyük problemlər var. Mehdi Şərifini qaytarmışıq. Bu gün zədə səbəbindən ona şans verə bilmədim. Növbəti oyunda iştirak edə bilər. Höccət Haqverdi də bəyəndiyim oyunçudur. Hazırda transfer düşünmürük. Çempionata köklənmişik" (Report).
saytlarin hazirlanmasi