Ayxan Abbasov: "Kim bizdən narazıdırsa, buna heç cavab vermək də istəmirəm"

19:04 - 13 Fevral 2021

"Üçüncü dövrəyə yaxşı nəticə ilə başlamaq istəyirdik. İlk yarıda havanın küləkli olmasından istifadə edərək, 2 qol vurduq. Məqsədlərimizdən biri budur ki, rəqibin kimliyindən asılı olmayaraq, futbolçular oyunlara ciddi hazırlaşsınlar".

 

Sportal.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov evdə "Səbail"ə 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra mətbuat konfransında deyib.

 

40 yaşlı mütəxəssis qələbə ilə yanaşı, gənc futbolçuların xidmətindən də yararlandığını bildirib: "Gənc futbolçularımız çoxdur. Bu gün uzatma dəqiqələrində 17 yaşlı Sənan Ağayevə ilk dəfə şans verdik. Sənan potensiallı futbolçudur. Onu ab-havanı hiss etmək üçün meydana buraxdıq. Akademiyanın hər bir üzvü öz üzərində çalışmalıdır. Qış fasiləsindən sonra hər kəsə inandığımı demişdim. Bu gün müdafiədə itkilərimiz çox idi. Eltun Turabova şans verdik və bizi qane etdi. Heyətimizdə yetərincə futbolçu var. Gələcəkdə də gənclərə şans verməyə çalışacağıq".

 

Abbasov komandasının heyətində yetərincə futbolçunun olduğunu və onların hər birinə inandığını söyləyib. Baş məşqçi Azərbaycan Kubokunun 1/4 finalında mübarizədən kənarlaşdırdıqları "Səbail"ə çempionat oyununda da qalib gəlmələrini rəqibin zəifliyi ilə əlaqələndirməyib: "Səbail" taktiki baxımdan ən düzgün oynayan komandalardan biridir. Həmkarım Aftandil Hacıyev əlindəki materialla bunun öhdəsindən gəlməyə çalışır. Qış fasiləsinin müddəti az idi. Futbolçularımızın get-gedə formaya düşməsi yaxşı oyunumuzun nəticəsi idi".

 

Təcrübəli mütəxəssis hazırda "Səbail"də çıxış edən Amil Yunanovun keçmiş komandası "Sumqayıt" barədə alçaldıcı fikirlərinə də münasibət bildirib: "Mənim komandamda da digər klublardan gələn futbolçular var. Onlar da keçmiş klublarına qarşı istəkli olurlar. Amma sabiq komandana qol vurduqdan sonra Amil kimi yox, peşəkar formada normal açıqlama da vermək olardı. Mən hər bir futbolçuya şans vermişəm. Kimsə bizdən narazıdırsa, buna heç cavab vermək də istəmirəm. Hər kəsə uğurlar arzulayıram".

 

Abasov növbəti tur evdə "Qarabağ"la keçirəcəkləri oyuna da ciddi hazırlaşacaqlarını söyləyib: "Rəqib barədə geniş danışmağa ehtiyac yoxdur. Yaxşı nəticə üçün əlimizdən gələni etməyə çalışacağıq" (Report).

Xəbər xətti