Ötən gün “Bavariya” Bundesliqada növbəti çempionluğunu rəsmiləşdirdi. Əslində, çoxları “Borussiya”nın çempion olacağını gözləyirdi. Lakin Dortmund klubunun son turda xal itirməsi çempionluqdan elədi onları.
Bundesliqada qalib olmasına baxmayaraq, “Bavariya” çox “boz” mövsüm keçirdi. Yulian Naqelsmannın istefaya gönrəsilməsindən sonra Çempionlar Liqasında mübarizəni dayandırdı, çempionatda inamsız göründü. Adətən qaliblərin mühakimə olunmadığını düşünərək, “Bavariya”nın eyni qaydada işlərinə davam edəcəyi ehtimal olunsa da, çempionluqdan dərhal sonra klubun baş direktoru Oliver Kan və idman direktoru Hasan Salihamidziçlə yolların ayrıldığı açıqlanıb. Klubun növbədənkənar iclasında belə qərar qəbul olunub. Hətta Oliver Kana komanda ilə birlikdə çempionluq sevinci yaşamağa belə icazə verilməyib.
Çempionluq belə, tanınmış simaların postlarını itirməsinə əngəl ola bilmədi. Çünki futbolu düşünən, inkişafı hədəfləyən klublarda rəhbərlik yalnız titullara yox, həm də görülən işlərə baxır.
“Neftçi”də də təxminən oxşar durum yaranıb. Yox, “Neftçi” nəinki çempion ola bilməyib, heç çempionluq mübarizəsində də olmayıb bu mövsüm. Başının üstündə “domokl qılıncı” asılan Kamran Quliyev bütün ümidlərini ölkə kubokuna bağlayıb. “Neftçi”nin prezidenti düşünür ki, kuboku qazansalar, bununla postunu qoruya biləcək.
“Neftçi”nin MŞ sədri Rövşən Nəcəf üçün “Bavariya” nümunəsi var. Kubokun qazanılması belə, bərbad keçən mövsüm üçün “Neftçi” idarəçilərinə bəraət qazandıra bilməz!
saytlarin hazirlanmasi