"Regekampfın "Neftçi"də uğur qazanmaması mənim üçün qəribədir" - MÜSAHİBƏ

17:55 - 24 İyun 2023

"Xəzər Lənkəran", "Keşlə"(indiki "Şamaxı") və "Zirə"nin formasını geyinmiş, 10 ilə yaxın Azərbaycanda oynamış Adrian Skarlatake Sportal.az saytına müsahibə verib. 36 yaşlı rumıniyalı futbolçu həmyerlisi Laurentsiu Regekampfın "Neftçi"dəki işini dəyərləndirib.

- "Neftçi"nin Laurentsiu Regekampfla işbirliyinə son verməsi sənin üçün gözlənilməz olmadıki?

- "Neftçi"nin Regekampfla yollarını ayırdığı barədə xəbərdaram. Düzünü deyim, bu cür qərar veriləcəyini gözləmirdim. Çünki onlar avrokuboklara vəsiqə qazanmışdılar və mən Regekampfın gələcək mövsümdə də işinə davam edəcəyini ehtimal edirdim. Amma klub belə qərar verib. 

- Regekampfın "Neftçi"də qala bilməməsinin səbəbini nədə görürsən?
- Onun "Neftçi"də uğur qazanmaması mənim üçün qəribədir. Çünki işlədiyi bütün komandalarda demək olar ki, uğur qazanıb. Bəlkə də, ona daha çox vaxt lazım idi. Ola bilsin ki, Regekampf "Neftçi"ni avrokubokların qruplarına qədər aparacaqdı. Çünki onun avrokubok təcrübəsi var.

- Amma "Neftçi" onun rəhbərliyi altında maksimum üçüncü yeri tuta bildi, nə çempion oldu, nə kuboku qazandırdı. Bu, klub üçün çox da yaxşı nəticə hesab edilmir...

- Bəli doğrudur. "Neftçi" üçün üçüncü yer yaxşı nəticə sayılmır. Amma çox pis nəticə də deyil. Mənim üçün daha qəribəsi odur ki, Regekampf niyə daha yaxşı nəticə əldə edə bilmədi. 

- 47 yaşı olmasına baxmayaraq, çoxlu komandada işləyib. Səncə, onun qeyri-stabil olmaması nə ilə bağlıdır? 

- Məncə, o, qeyri-sabit deyil. Yaxşı məşqçidir. Rumıniyada məşqçi olmaq asan məsələ deyil. Klubların məşqçilərə səbri yoxdur. Bir və ya iki oyun uduzan kimi, baş məşqçini postundan kənarlaşdırırlar. Amma Regekampfın yaxşı nəticələri olub. Avrkuboklarda uğur qazanıb, Rumıniya çempionatı və ölkə kuboku qazanıb. 

- "Neftçi"də uğursuz olması onun bundan sonra özünə klub tapmasına mane olmayacaq? 

- Regekampfın yaxşı CV-si var. Məncə, "Neftçi" uğursuzluq olmadı. Təbii ki, yaxşı mövsüm deyildi, amma çox pis də hesab etmək olmaz. "Neftçi" Konfrans Liqasının qruplarına vəsiqə qazansa, yaxşı mövsüm hesab etmək olar.

Mirbağırağa
 

Xəbər xətti