Konfrans Liqasının birinci təsnifat mərhələsində "Jelezniçar"la qarşılaşacaq "Dinamo" (Minsk) ev matçını Bakıda keçirəcək. Məlum məsələdir ki, UEFA Belarus klublarına ev oyunlarını doğma divarlar arasında oynamağa icazə vermir. Ötən mövsüm rəqiblərini Kiprdə qəbul edən "Dinamo" bu dəfə Bakını seçib. Bu isə əbəs yerə deyil.
Minsklilər mərhələ adlayacağı təqdirdə "Neftçi" ilə üz-üzə gələcək ki, həmin oyunları da paytaxtımızda keçirəcəklər. Məsələ ilə bağlı "Dinamo"nun veteran futbolçusu, Azərbaycanda legioner həyatı yaşamış Vitali Ledenyov Sportal.az saytına danışıb. Hazırda futbol agenti kimi işləyən Ledenyov "Dinamo"nun Bakını seçməsini şərh edib:
"Oyundan əvvəl komandaların şansı 50/50-dir. Doğrudur, "Dinamo" üçün bir az çətin olacaq. Çünki ev oyununu Minskdə deyil, Bakıda keçirəcək. Burada "Jelezniçar"ın azca üstünlüyü ola bilər. Lakin istənilən halda, Sarayevoda da oynamaq çətindir. Azarkeş dəstəyi "Jelezniçar"ın tərəfindədir. Hər iki komanda və futbolçuları da təcrübəlidir. Məncə, komandalar bir-birini təəccübləndirməyəcək. Cütün taleyinə Sarayevoda aydınlıq gələcək. Baxmayaraq ki, cavab görüşü Bakıdadır. "Dinamo" səfərdə uğurlu nəticə qazansa, Bakıda mərhələni keçmək şansı yaranacaq. Bilirsiz ki, Belarus klubları evdə oynaya bilmir, neytral meydanda oynamalıdırlar. Artıq buna öyrəşmişik, milli və klublar da rəqiblərini Belarusda qəbul etmir. "Jelezniçar" səddi keçilsə, "Neftçi"yə qarşı oyuna hazırlaşmaq lazım gələcək. Minskdən Bakıya birbaşa reys də var. Ona qədər də artıq Bakıda bir oyun oynamış olacaqlar. Məncə, " Dinamo" elə bütün bunları nəzərə alaraq, Bakını seçib. Özü də, Azərbaycan gözəl ölkədir, insanlar qonaqpərvərdir".
Vitali Belarus klubunun "Jelezniçar"la görüşünü paytaxtımızda keçirməsini "Neftçi" üçün üstünlük hesba etmir: "Texnologiya o qədər inkişaf edib ki, rəqiblər bir-birinin oyununa yollanmadan da, onu yaxşı analiz edə bilir. Hər halda, məşqçilərdən birini də rəqibin oyununa göndərmək olur. "Dinamo" - "Jelezniçar" görüşünün Bakıda keçirilməsi "Neftçi"yə böyük üstünlük qazandırmır. Onsuzda, hər şey meydanda həll olunacaq. "Neftçi" mövsümün əvvəlində artıracaq. Belarusda isə mövsüm davam edir. "Neftçi" - "Dinamo" görüşləri barədə isə indidən danışmaq lazım deyil. Çünki "Jelezniçar”ı siyahıdan silmək olmaz, onlar da yaxşı komandadır. Bosniyalılara doğma meydan kömək ola bilər. Hər halda, deyək ki, "Dinamo" mərhələni keçdi. "Neftçi" hər iki görüşü evdə oynamış olacaq. Hava,doğma divarlar məsələsi "Neftçi"yə üstünlük qazandıra bilər. Bütün komandalara uğurlar arzu edirəm. Güclü qalib gəlsin".
Vitali karyerası zamanı “Dinamo”(Minsk), “Makkabi”(Netanya), “Hapoel Hayfa”, “MKT-Araz”, “İnter”(indiki “Şamaxı”), “Daçiya” kimi klublarda oynayıb.
Mirbağırağa
saytlarin hazirlanmasi