Adrian Mutu: "Bura qələbə qazanmaq üçün gəlmişik"

22:03 - 26 İyul 2023

"Neftçi" Avropa Konfrans Liqası II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Jelezniçar"ın qonağı olacaq.

Sportal.az xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Adrian Mutu jurnalistlərin suallarını ccavablandırıb:

- Bizə çox vacib oyun gözləyir. Rəqib çox əzmkar komandadır. Fərdi olaraq bəzi oyunçuları da qeyd edərdim. Əminliklə deyə bilərəm ki, bizim üçün ağır oyun olacaq. Bura qələbə qazanmaq üçün gəlmişik. 10 gün ərzində hiss edirəm ki, oyunçular bütün tapşırıqlarımı yaxşı yerinə yetirir. "Fənərbaxça" və "Spartak"la matçlarda gördüm ki, komanda meydanda necə hərəkət edir. İşimiz çoxdur. Yeni oyunçuların gəlişini gözləyirik ki, komanda komplektləşsin.

- Yeni gələcək futbolçuları Konfrans Liqasında oynada biləcəksiz?

- Bu gün son gün idi. Yeni oyunçu gəlsə də, Bakıdakı matçda oynaya bilməyəcək. Növbəti mərhələyə keçsək, oynada bilərik.

- "Jelezniçar"ın yaxşı fanat ordusu var. Komandanızı buna hazırlamısız?

- Bəli. Mənim komandamda təcrübəli futbolçular var. Belə atmosferdə oynamağa öyrəşiblər. Düşünmürəm ki, bu, bizə çətinlik yarada bilər.

- Bosniya və Herseqovina futbolu haqda məlumatınız var?

- Əlbəttə. Tez-tez Bosniya və Herseqovinadan olan rəqiblərlə rastlaşmışam. Rumıniya millisi ilə də bu ölkəyə qarşı oynamışam.

- Hücum xəttində problemlər var. Mateus Saldanya da komandadan getdi. Buna necə çarə edəcəksiz?

- Saldanya haqda danışmaq yersiz olar. O, artıq keçmişdə qalıb. Biz irəliyə baxmalıyıq. Komandaya hücumçu cəlb olunacaq. Danışıqlar gedir. Onun yoxluğu bizə daha çox motivasiya olmalıdır.

Elçin Əlixan

Xəbər xətti