"Neftçi" çox yaxşı təsir bağışladı, Mutunun iş prinsipi görünür" - MÜSAHİBƏ

15:51 - 28 İyul 2023

"Neftçi"nin veteran qolkiperi Hüseyn Məhəmmədov Sportal.az saytına müsahibə verib.

- "Neftçi"nin Bosniya və Herseqovinanın "Jelezniçar" (2:2) klubu ilə səfərdəki oyununu necə qiymətləndirirsiniz?

- Səfərdəki oyunun çətin olacağı görünürdü. Öz təcrübəm göstərirdi ki, "Jelezniçar"ın istəkli azarkeşləri var. Çünki o vaxtı "Neftçi"nin heyətində "Şiroki Briyeq"ə qarşı oyunu xatırlayıram. Onda da yerli publika çox yaxşı atmosfer yaratmışdı. Dünən də, yerli azarkeşlər oyuna rəng qatdılar. Buna baxmayaraq, "Neftçi" gözəl və sərbəst futbol oynadı. Yaxşı oyun göstərdilər. Layiqli bərabərlik qeydə alındı. Məncə, "Neftçi" çox yaxşı təsir bağışladı. Nəticə də normaldır. "Jelezniçar"la səfərdə bərabərə qalmaq yaxşı nəticədir. Yəqin ki, Bakıda da uğurlu nəticə olacaq.

- Belə davam etsə, "Neftçi" üçüncü mərhələyə adlayacaq?

- Niyə də olmasın? Əzmkar, istəkli oyun göstərirlərsə, qarşıdakı rəqiblərlə də belə oynamaq olar. "Neftçi" əzmkar, istəkli oyun nümayiş etdirsə, niyə də növbəti mərhələyə keçməsin? Hər şey mümkündür.

- Adrian Mutunun işini necə qiymətləndirirsiniz? Ümumiyyətlə, rumıniyalının işi görünürdü?

- Adrian Mutu yeni gəlib, zamana ehtiyacı var. Amma iş prinsipi görünür. İstəkli, döyüşkən komanda yaratmaq istəyir. Oyundan öncə gördüm ki, komandanı başına yığır, motivasiya verir. Hər bir futbolçudan istəkli olmasını tələb edir. Bu da yaxşı amildir. Belə xarizmada olan məşqçilərin komandası həmişə döyüşkən olur. Mutu da pis təsir bağışlamır. Get-gedə öz məşqçi potensialını göstərəcək.

- "Neftçi"nin yeni transferlərini necə, bəyəndiniz? Daha çox kimi xüsusi qiymətləndirərdiniz?

- Məncə, yeni transferlər pis təsir bağışlamadı. Mark Tamaş və Yuri Matias çox yaxşı, təmkinli, ağıllı, düzgün oyun nümayiş etdirdilər. Xoşuma gəldi. Öz mövqelərində lazımı səviyyədə oynadılar. Ervin Koffi sanki hazır deyildi. Bəlkə də, gələcək üçün o da özünü göstərəcək. Ancaq hər iki mərkəz müdafiəçisi yaxşı oynadı.

- "Neftçi" gələcəyə ümid verir? Komanda bu oyunla, heyətlə "Beşiktaş" önünə çıxa bilər?
- Bu gün "Neftçi" üçün asan da deyil. Çünki komanda yenidən qurulur. Çox güman ki, "Beşiktaş"la oyun asan olmayacaq. Doğrudur, rəqib də "Neftçi" kimi köklü komandadır və Türkiyədə həmişə çempionluq üçün oynayır. Türkiyədə 3-4 komanda varsa, biri də "Beşiktaş"dı. "Neftçi" üçün çətin keçəcək. Amma niyə də olmasın? Əzmkarlıq göstərsələr, istəkli olsalar, meydanda hər nəticə baş verir. Amma yenə də deyirəm ki, "Beşiktaş" səddini keçmək bir o qədər asan olmayacaq.

Mirbağırağa

Xəbər xətti