Adrian Mutu: "Məqsədimiz növbəti mərhələyə keçməkdir"

19:22 - 2 Avqust 2023

"Neftçi" Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşü çərçivəsində sabah Bosniya və Herseqovinanın "Jelezniçar" klubunu qəbul edəcək.

Sportal.az xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Adrian Mutu jurnalistlərin suallarını cavablandırıb:

- Artıq rəqibimizin necə əzmkar komanda olduğunu bilirik. Bizi ağır oyun gözləyir. Bunu dərk edirik. Məqsədimiz növbəti mərhələyə keçməkdir.

- "Neftçi"nin baş məşqçisi kimi doğma meydanda ilk matça çıxacaqsız. Hansı hissləri keçirirsiz?

- "Bakcell Arena"dakı ilk oyunuma görə həyəcanlıyam. Əlbəttə istəyərəm ki, növbəti mərhələyə adlayaraq başlayım. Ümid edirəm ki, fanatlar stadionu dolduracaq və komandanı sona kimi dəstəkləyəcək. Onlara söz verirəm ki, hər matçda 200 faizimizi verməyə hazırıq ki, "Neftçi" uğurlar qazansın. 

- İlk oyunda rəqib həmkarınız aqressiv görünürdü. Sanki belə fikir var idi ki, Adrian Mutu kimi bir mütəxəssisə qalib gəlim. Siz necə düşünürsünüz?

- Məşqçilər arasında da rəqabət gedir. Hər biri istəyir ki, qələbə qazanmaq üçün düzgün strategiya seçsin. Onu özümə rəqib şəxs kimi qəbul etmirəm. Məni narahat edən yeganə şey komandamın çıxışıdır. Rəqib baş məşqçi əsəbidirsə, bu, mənim problemim deyil.

- Məlum məsələdir ki, "Neftçi" azarkeşləri yaxşı atmosfer yaradacaq. Bu ab-hava komandaya mənfi təsir edə bilər?

- Bir futbolçu olaraq da bu cür atmosferi hiss etmişəm. Həm yaxşı təsir edə bilər, həm də pis. Oyuna yaxşı başlasaq, atmosfer yaxşı təsir edə bilər. Oyun istədiyimiz kimi getməsə, futbolçuların üzərində təzyiq yarada bilər. "Neftçi" böyük tarixə malik klubdur. Əsas məqsədimiz odur ki, azarkeşləri stadiona cəlb edək. 

- İlk oyunla müqayisədə heyətdə dəyişikliklər olacaq?

- İştirak ərizəsində oyunçuların sayı dəyişməyəcək. Yeni transferləri qeydiyyatdan keçirə bilməmişik. Böyük məmnuniyyətlə start heyəti deyərdim. Amma rəqib baş məşqçi də bizi izləyir. Ona görə də demək istəmirəm.

- Rəhman Hacıyev əsas heyətdə oynamağa hazırdır?

- Rəhman Bosniya və Herseqovinada öz işini yaxşı yerinə yetirdi. Mənim üçün əsas və ya əvəzedici futbolçu anlayışı yoxdur. Rəhman qollar vurmağa davam etsə, start heyətində çıxış edə bilər.

- Transferləri necə dəyərləndirirsiz?

- Bütün transferlərdən razıyam. Onlar bizə qoşulubsa, demək ki, oyunlarını bəyənmişəm. 

- Ölkəmiz haqda fikirləriniz necədir?

- Bakını çox bəyənirəm. Burada insanlar mənimlə yaxşı davranırlar. Azərbaycan yeməkləri çox dadlıdır.

Elçin Əlixan

Xəbər xətti