Adrian Mutu: "İstədiyimiz oyunu göstərə biləcəyik"

19:57 - 16 Avqust 2023

"Neftçi" Avropa Konfrans Liqası III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində İstanbulda "Beşiktaş"ın qonağı olacaq.

Sportal.az xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında Bakı təmsilçisinin baş məşqçisi Adrian Mutu jurnalistlərin suallarını cavablandırıb:

"Qarabağ" və Sabah"ın mərhələ keçəcəyinə inananlar az deyil. "Neftçi"ni isə siyahıdan silənlər çoxdur. Yəqin ki, "Beşiktaş" da artıq arxayındır. Özünüz sabahkı möcüzəyə nə qədər inanırsınız?

- "Beşiktaş"la rəqib olanda hamı bizi siyahıdan silmişdi. Futbolda hər şey mümkündür. Baxmayaraq ki, ilk oyunda uduzub, bura məğlubiyyətlə gəlmişik. İki qol fərqini aradan qaldırmalıyıq, bunu başa düşürük. Sabahkı matçda çalışacağıq ki, əlimizdən gələni edək və azarkeşlərimizə hörmət göstərək, geyindiyimiz rənglərə hörmətlə yanaşaq. Normalda bu cür komandalarla Çempionlar Liqasında qarşılaşırsan, Konfrans Liqasında yox.

- "Beşiktaş"la birinci oyunda, "Səbail"lə çempionat matçında bir çox aparıcı oyunçuların xidmətindən yararlana bilməmişdiz, zədəliləriniz çox idi. Hazırda onların durumu nə yerdədi?

- Böyük dəyişiklik yoxdur. Aşağı-yuxarı eyni heyətdir, zədəliləri çıxmaq şərtilə. Heyətimiz kasaddır. Yeni transferlər də gözlənilir. Əlbəttə ki, son oyunların ritminə fikir versək, bizə heç də üstünlük vermir. Normalda həm avrokuboklarda, həm də yerli çempionatda yaxşı çıxış etmək üçün daha geniş heyətə ehtiyac var. Çalışırıq ki, düşdüyümüz vəziyyətə uyğunlaşaq və bu vəziyyətdən yaxşı formada çıxa bilək. Biz buradayıqsa, demək hər oyuna qələbə üçün çıxmalıyıq.

- Komanda "Səbail"lə çempionat oyunundan dərhal sonra İstanbula gəldi. Bərpa prosesi üçün tez gəldiz, yoxsa necə?

- "Səbail"lə oyundan sonra bir gün vaxtımız oldu ki, bərpa məşqi edək. Ondan sonra ilk dəfədir ki, bu gün meydanda məşqə çıxacağıq. Bakıya görüşümüz beşinci günə planlaşdırılır. Qayıtdığımız gün bərpa məşqi edib, sonra "Sabah"la matça hazırlaşacağıq. Həmin oyunun vaxtı dəyişdirilməsə, eyni vəziyyət olacaq.

- Sabah biz ilk oyunda fasiləyə qədərki "Neftçi"ni görəcəyik, yoxsa fasilədən sonra döyüşkənlik nümayiş etdirən "Neftçi"ni?

- İlk yarıda da komanda əlindən gələni edirdi. Amma istəyərəm ki, sabah ikinci hissədə oynayan "Neftçi"ni görüm.

- İlk dəqiqədən hücum futbolu oynayacaqsız, yoxsa gücünüzü 90 və ya 120 dəqiqəyə bölüşdürəcəksiz?

- Çalışacağıq ki, sabah öz üslubumuzda olan futbol oynayaq. İstədiyimiz oyunu mükəmməlləşdirmək istəyiriksə, rəqibdən fərqli olmayaraq, eyni üslubda davam etdirməliyik.

- "Neftçi" avrokuboklarda Rusiya klubunu mübarizədən kənarlaşdırıb. Sabah Türkiyə klubunu da məğlub edə bilərsiz?

- İlklər həmişə baş verir.

- "Beşiktaş"a qarşı sabahkı matçda "Səbail"lə oyunda meydanda gördüyümüz heyəti buraxacaqsız?

- Heyətimizə nəzər yetirsəz, görərsiz ki, o qədər çox oyunçu yoxdur. Ona görə sual qarşısında mat qalıram. Baxarıq, görərik. "Beşiktaş"ın geniş heyəti var. Bizdə də gələcəkdə belə heyət olsa, daha yaxşı çıxış edərik, daha yaxşı nəticələrimiz olar. Gənclərimiz çoxdur. İki qol fərqini aradan qaldırmalıyıq. Bunu etmək üçün daha təcrübəli futbolçuların təcrübəsindən istifadə etmək lazımdır. Çoxlu detallara nəzər yetirməliyik. Heç də asan olmayacaq. Çalışacağıq ki, sabah 100 faizimizi verək.

- Futbolçu karyeranızda belə vəziyyətlərlə qarşılaşmısız ki, çətin durumda mərhələ adlamısız?

- Bəli, bu cür hallarla rastlaşmışam. Belə matçlarda hər qol vacibdir. Birinci oyundakı səhvləri ikinci matçda düzəltməyə çalışırsan. Rahatlaşmaq olmaz. Düşünürəm ki, istədiyimiz oyunu göstərə biləcəyik.

- Sabah "Beşiktaş" "Neftçi"nin hansı xüsusiyyətindən ehtiyat etməlidir?

- Biz ikinci hissə "Beşiktaş"a göstərdik ki, futbol oynaya bilirik. Onlar da bilməlidir ki, itirəcəyimiz bir şey yoxdur. Bundan diqqətli olmalıdırlar.

Mirbağırağa

Xəbər xətti