"Neftçi" Avropa Konfrans Liqası III təsnifat mərhələsinin cavab oyununda "Beşiktaş"a 1:2 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırıb.
Sportal.az xəbər verir ki, Bakı təmsilçisinin yarımmüdafiəçisi Filip Ozobiç jurnalistlərin suallarını cavablandırıb:
- Matçla bağlı nə deyəcəksən? İlk yarıda qalib gəlirdiz, daha sonra nə baş verdi?
- Bəli, ilk yarıda qalib gəlirdik. Sıx qrafikdə oynayırıq. Ola bilər ki, rəqib ikinci hissədə daha gümrah idi. Onların keyfiyyətli futbolçuları var.
- Səncə, “Neftçi” ikinci yarıda niyə birinci hissədəki kimi oynaya bilmədi? Rəqibin dəyişikliyi oyuna nə qədər təsir etdi?
- Ola bilər ki, biz bir az yorğun idik. Amma Vinsent Abubakar kimi futbolçu meydana daxil oldu. Onun necə hücumçu olduğunu hamımız bilirik. Hesabı bərabərləşdirdi. Ondan sonra daha çətin idi.
- Fasiləyə üstün yollandığınıza görə yəqin ki, daha inamlı idiz. Adrian Mutu sizə nələr söylədi, hansı emosiyalar var idi?
- Əsas odur ki, ilk 15 dəqiqə dözək və rəqib bizə çox təzyiq etməsin. Amma belə alındı.
- Öz oyunundan narazı qaldın?
- Öz oyunum haqda danışmaq istəmirəm. Kənardan baxanlar nəsə deyə bilər.
- Şenol Günəşdən oyunsonrası mətbuat konfransında “Neftçi”dən hansı futbolçunu bəyəndiyini soruşdular, o, sənin adını dedi. Amma bildirdi ki, bu görüşdə nəsə alınmadı səndə..
- Futboldur da, olur. Rəqibin qapısından uzaq olanda çətin olur. “Beşiktaş” çox təzyiq etdi. Belədə, müdafiədə çox işlədik, güc itirdik.
- “Neftçi” üçün avrokuboklar başa çatdı. İndi hər kəs komandanın çempionatda nə edəcəyini gözləyir. “Kəpəz” və “Səbail”lə matçlarda qələbə qazana bilməmisiz. Daha güclü “Neftçi” görəcəyik, çempionluq mübarizəsində olacaqsız?
- Əlbəttə. Sadəcə bizə zaman lazımdır. Baş məşqçi də toplanışa sonradan gəldi. Məncə, hamımızın zaman ehtiyacı var. Bir-iki gündən sonra 5 il birlikdə oynadığımız kimi oynamaq mümkün deyil. Hər gün işləyirik ki, daha yaxşı olaq. Yaxın vaxtlarda hər şey dəqiqləşəcək.
- “Qarabağ”a qarşı oyunlarda hansı emosiyaların olacaq?
- Hələ bu oyuna var. Orada hamı mənim dostumdur. Lakin indi “Neftçi”də oynayıram və istəyirəm ki, “Neftçi” yaxşı olsun. Hər şey edəcəm ki, komandam qalib gəlsin.
Mirbağırağa
saytlarin hazirlanmasi