Adrian Mutu: "Layiqli qələbə qazandıq"

18:10 - 30 Sentyabr 2023

"Neftçi" Azərbaycan Premyer Liqasının 8-ci turunda səfərdə "Turan Tovuz"u 1:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Adrian Mutu jurnalistrlərin suallarını cavablandırıb:

- Çox yaxşı oynadıq. Əvvəldən sona kimi oyuna nəzarət edən tərəf biz idik. Layiqli qələbə qazandıq. "Araz-Naxçıvan"a təsadüfdən məğlub olmuşduq. Həmin matçdan sonra inkişaf var. Hücumda bir az çatışmazlıq var. Bunu aradan qaldırmağa çalışacağıq.

- Müdafiədə də problem görünür. Bunu aradan qaldırmaq üçün hansı addımlar atacaqsız?

- Müdafiəçilərimiz bu gün yaxşı oynadı. 70 dəqiqə ərzində rəqibə qol epizodu vermədik. Deyə bilmərik ki, 90 dəqiqə ərzində rəqib qapımızın qarşısında təhlükəli vəziyyət yaratmayacaq. Futbolçulardan razı qaldım. Onları təbrik edirəm.

- Yuri Matiasın yoxluğunda müdafiənin performansını necə dəyərləndirirsiz?

- Vacib olan məqam o idi ki, Matiası layiqincə əvəz edən oyunçu olsun. Höccət çox yaxşı oyun nümayiş etdirdi. Qarşıdakı matçlarda kimi meydana buraxmaqda çətinlik çəkəcəm. "Zirə"dən sonra ən yaxşı müdafiə xətti bizdədir.

- Höccət haqverdinin doğma mövqeyi hansıdır?

- Baxır qarşısına qoyduğun nəticəyə. Hücumda yaxşı deyil. Müdafiə keyfiyyətləri çox yaxşıdır.

- İlk dəfə Tovuza gəldiniz. Atmosfer necə idi?

- Çox möhtəşəm idi. İstərdik ki, bütün stadionlarda bu cür olsun. Azarkeşlərə demək istəyirəm ki, hər oyunda komandalarına belə dəstək versinlər.

- Növbəti turda "Qarabağ"la qarşılaşacaqsız. Bu görüş haqda fikirləriniz necədir?

- Əlbəttə böyük oyundur. Son matçda onlar da qələbə qazanıb, biz də. Hər iki komanda yaxşı formadadır.

Elçin Əlixan

Xəbər xətti