"Neftçi" Azərbaycan Premyer Liqasının 9-cu turunda doğma meydanda "Qarabağ"a 0:2 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Adrian Mutu matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Çətin oyun oldu. Güclü rəqibə qarşı oynayırdıq. Oyunçularımız meydanda əllərindən gələni etdilər. Nə qədər yaxşı təşkil olunmağımıza baxmayaraq, rəqibdə fərdi olaraq keyfiyyətli oyunçular varsa, çətin alınır. "Qarabağ" və çempionatdakı digər rəqibləri müqayisə edəndə səviyyə fərqi aşkardır. Onlar avrokubokların qruplarına vəsiqə qazanmaqla bunu sübut edirlər. İki heyətləri var. Hamısı keyfiyyətli oyunçulardır.
- "Qarabağ" Avropa Liqasında ağır oyun keçirdi və ehtimal olunur ki, "Neftçi" üçün üstünlük olacaq. "Qarabağ"ın oyunçularında dinamika baxımından problem yox idi, "Neftçi"də isə əksi var idi. "Qarabağ"ın qapısı qarşısında ciddi təhlükə görmədik. Razısız?
- Xeyr, bununla razılaşmıram. Onların iki heyəti var. "Qarabağ"ən üstünlüyü ondandır ki, aşağı-yuxarı eyni səviyyəyə malik heyətə malikdirlər. Juninyo və Lunyov "Hekken"ə qarşı 90 dəqiqə oynamışdı, digərləri dəyişilmişdi. Bu gün start heyətində oynayanların səviyyəsi də "Hekken"lə matçda oynayanların səviyyəsi ilə yaxındır. Düşünürəm ki, ilk hissənin sonlarına yaxın təhlükəli epizodlar yaratdıq. Bir də iki qol arasında təhlükəli epizodlarımız var idi. Göründüyü kimi, "Qarabağ" əks-hücumlarda daha təhlükəli idi. Buna diqqət etməliyik.
- Qəbələ toplanışına getməmişdən qabaq demişdiz ki, hər şey yaxşı olacaq. Azarkeşlər məşqçi işinin olmamasından narazıdır. "Araz-Naxçıvan" bir aya yarandı. İndi sizin bəhanəniz nə olacaq?
- "Qarabağ" da "Araz-Naxçıvan"a son saniyələrdə qol vurdu. Siz verdiyiniz sual daha çox şəxsi fikrinizə oxşayır. Sual verin, şəxsi fikrinizi deməyin. Mən bura gəldikdən sonra "Neftçi"nin ətrafında yalnız tənqid və neqativlik görürəm. Bəli, "Neftçi" komanda olaraq "Kəpəz" və "Araz-Naxçıvan"ı udmalı idi.
- Siz yeni gələndə Azərbaycan azarkeşləri üçün sürpriz və sual idi. Rusiyada keçirilən turnirdən bəri görürük ki, komandada durum yaxşı deyil. Hazırkı resurslarla azarkeşlərin istədiyi normal komandanı formalaşdırmaq olar və bu hansı zaman kəsiyində olacaq?
- "Neftçi"yə gələndə, uzunmüddətli layihə olacağı vurğulanmışdı. Ona görə gəldim bura. Əvvəlki illərdəki çıxışa fikir versəz, 2020-2021-dəki çempionluğu kənara qoysaq, hər zaman eyni ssenari olurdu. Biz bərk fundament qurmalıyıq. Ondan sonra qalan şeyləri gözləyə bilərik. Bəzən biz bir addım arxaya addım atmalıyıq. Bu oyunla nəyisə sübut etmək düzgün olmaz, mövsüm hələ irəlidədir. Mən də bu nəticəyə görə üzülürəm. Azarkeşlər də üzgündür. Mövsüm hələ irəlidədir, irəliyə baxmalıyıq, daha yaxşı çalışmalıyıq. İstədiyimiz komandanı emosiyalar yox, əzmkar iş üzərində qurmalıyıq. "Qarabağ" uzunmüddətli layihənin nəticəsidir, qısa müddətə qurulmayıb.
- Bu sualın cavabını "Neftçi"nin baş məşqçisindən yox, əfsanəvi Adrian Mutudan almaq istəyərdim. "Neftçi" son dəfə 2020/2021 mövsümündə "Qarabağ"ı udub. Nə dəyişməlidir ki, "Neftçi" "Qarabağ" səviyyəsində komanda olsun?
- Siz özünüz suala cavab verdiniz. Mən özümü Qurban Qurbanovla müqayisə etmək istəmirəm. Çünki o, 9-10 titul qazanıb. O, ilk dəfə "Qarabağ"a təyin olunanda ilk 5 ildə cəmi bir kubok qazanıb. Ondan sonra qələbələr qazandı. Onu dayandırmaq çox çətindir. "Neftçi" də belə layihəni haqq edir. İstər mənimlə, istərsə də başqa məşqçi ilə.
- Tez-tez deyirsiz ki, uzunmüddətli layihə lazımdır. Sizə bu layihəni həyata keçirmək üçün zaman veriləcək? Özünüzü bu layihədə görürsüz, yoxsa başqa məşqçi gələcək?
- Əlbəttə ki, özümü görürəm. Amma "Neftçi" rəhbərliyi nə qərar verəcək, onu gələcək göstərəcək.
- Azarkeşlər ilk dəqiqələrdə oyunu tərk etdi. Bu, sizə nə dərəcədə təsir etdi?
- Yaxşı olardı ki, fanatlar hər zaman komandanın yanında olsunlar. Bu cür vacib matçlarda azarkeş dəstəyi lazımdır. Onlar niyə stadionu tərk etdilər, bilmirəm, şərh edə bilmərəm.
- "Neftçi"ni top səviyyəyə qaytarmaq üçün nə qədər zaman lazım olacaq?
- Bilmirəm. Qurban Qurbanova 2008-ci ildə bu sualı versəydiz, deyərdi mənə 5 il lazımdır. "Neftçi" asan klub deyil. Bura gələndən təzyiqi hiss edirəm üzərimdə, amma bu təzyiqin öhdəsindən gələ bilirəm. Vacib olan amil odur ki, futbolçular özünəinamı itirməsinlər. Çox güclü, keyfiyyətli oyunçuları var "Qarabağ"ın. Fərq özünü göstərir. "Qarabağ"ı səviyyəcə "Beşiktaş"la müqayisə edərəm. Rəqibdə oyunçular keyfiyyətlidirsə, sənə çətin olur. Futbolda 11 nəfər 11 nəfərə qarşı oynayır. Rəqib oyunçular birəbirdə daha keyfiyyətlidirsə, onlara qarşı oynamaq çətindir. Mövsüm irəlidədir, davam etmək lazımdır. Bir gün gələcək, bəlkə qələbə qazanıb çempion olacağıq.
Mirbağırağa
saytlarin hazirlanmasi