Adrian Mutu: "Futbolçuların performansından razı qaldım"

22:52 - 20 Oktyabr 2023

"Neftçi" Azərbaycan Premyer Liqasının 10-cu turunda səfərdə "Səbail"i 4:2 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Adrian Mutu oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bizim üçün yaxşı oyun və nəticə oldu. Futbolçuların performansından razı qaldım. Onları təbrik edirəm.

- Emin Mahmudovun yoxluğunda komandanın hücum potensialını necə dəyərləndirirsiniz?

- 4 qol vurduq. Amma daha çox şanslarımız var idi. Eminin komandadakı rolunu çox yüksək qiymətləndirirəm. Bu gün Filip Ozobiç o mövqedə oynadı. Düşünürəm ki, heç də pis çıxış etmədi.

- Bu gün də hücumçular qol vurmadı. Onların adaptasiyası üçün nə qədər vaxt lazımdır? Sosial şəbəkələrdə belə söhbətlər gedir ki, "Neftçi"yə çoxlu hücumçular gəlib, amma qolları Rəhman vurur...

- Rəhmanın qol vurmağına görə sevinirəm. Aaron Olanarenin oyununu da dəyərləndirərdim. Komanda üçün döyüşürdü. Oyundan-oyuna fiziki durumu yaxşılaşır. Şinyaşiki sonradan oyuna qoşulub qol ötürməsi etdi. Bu gün hücum oyunçuları öz işlərini gördülər.

- Hesab 2:2 olarkən narazı görünürdünüz. Hesabdan narazı idiniz, yoxsu futbolçuların performansından?

- Bəlkə də epizodik olaraq elə görmüsünüz. Narazı deyildim. İkinci hissədə mövqelərimizi tutmuşduq. Demək olar ki, rəqib qapımızdan heç bir təhlükəli epizod yarada bilmədi. Məni ən çox sevindirən futbolçuların xarakter göstərərək geridönüş etməsidir. 

- Ataa Caber Fələstin millisinin üzvüdür. Orada baş verənlər oyunçuya necə təsir edir?

- Bu haqda ümumiyyətlə danışmaq istəmirəm.

- Höccət Haqverdini sağ cinahda məcburiyyətdən oynadırsız?

- Xeyr. Bilirdik ki, "Səbail" əks-hücumlarda çox təhlükəlidir. Buna görə də Höccəti orada oynatdım.

- Hücumda effekt vermirdi...

- Bu gün ondan bunu tələb etmirdim.

Elçin Əlixan

Xəbər xətti