Antalyada təlim-məşq toplanışında olan "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az klubun mətbuat xidmətinə istinadən monteneqrolu mütəxəssisin fikirlərini diqqətinizə çatdırır:
- “Neftçi”dəki ilk günləriniz və bugünkü oyun haqda məlumat fikirlәrinizi bölüşәrdiniz...
- Bakıda bir gün olmuşam, o da “Kəpəz”lə matçda. Həm şəhəri, həm oyunu bəyəndim. Çünki həmin matçda "Neftçi" qələbə qazandı. Üç gündür buradayam. Hələ çox şey deyə bilmərəm. Gördüyüm odur ki, komandanın keyfiyyəti var. Oyuna gəlincə, ilk hissə kifayət qədər yaxşı oyun nümayiş etdirdik. Çoxlu epizodlar yaratdıq, hansı ki, qola çevirə bilmədik. Oyunçuların çoxu istirahətdən gəlib və heç də yaxşı formada deyillər. Ona görə hər birinə bir hissə şans verməyi düşündüm. İkinci hissədə avtomatik olaraq düşüş oldu və beləcə üç qol buraxdıq.
- Təqdimatınızda demişdiz ki, qarşıya qoyulan minimum hədəf 2-ci yer və kubokdur. Artıq komanda ilə tanışsınız. Komandanın bu hədəflərə çatmaq potensialı var?
- Ümumi götürsək, bəli, qarşıya qoyulan məqsədlərə çatmaq üçün hazır komanda var. Düşünürəm, iki oyunçu lazımdır ki, komandanı daha gücləndirsin. Yəqin, gördünüz, bu gün də oyunda futbolçu çatışmazlığı var idi.
- Bu iki oyunçunu hansı mövqe üçün istəyirsiz?
- Çox güman ki, hücum.
- Yanılmıramsa, komandanın ən hündürboylu şəxsisiz. Komanda yuxarıdan aşağı necə görünür?
- Birinci hissə çox yaxşı gördüm. İkinci isə yaxşı görə bilmədim, çünki özümün də boyum balacalaşmışdı (gülür).
- Daha əvvəl "Srvena Zvezda" ilə çempionluq arzunuz var idi və bunu reallaşdırdız. Maraqlıdır, hazırda "Neftçi"dəsiz və bu komanda ilə belə arzunuz var?
- Əlbəttə, bilirəm ki, "Neftçi" buna qədər 9 dəfə Azərbaycan çempionu olub. Serbiyada "Srvena Zvezda" necə xalqın komandasıdırsa, "Neftçi" də Azərbaycanda belədir. İstəyərəm ki, "Neftçi" ilə çempion olan məşqçilərdən olum.
- Çempionatda ilk oyununuzu Murad Musayevin "Sabah"ına qarşı keçirəcəksiz…
- Musayevi çox yaxşı tanıyıram. Mən Rusiyada işləyəndə o da "Krasnodar"a rəhbərlik edirdi. Çox yaxşı məşqçidir. Onların son oyununa baxmışam, "Qəbələ"yə məğlub olmuşdular. Amma desəm ki, baxdım və hər şeyi bildim, yox, elә deyil. Məşqçilər heyəti ilə bərabər onların çox oyununa baxıb, yaxından tanış olacağıq. Hər halda, əsas odur ki, bizim komanda, heyət yaxşı olsun.
- İki yeni transfer planlaşdırdığınızı dediz. Bəs neçə oyunçu gedəcək?
- Bunu demək çox tezdir. Əlbəttə, gedənlər olacaq. Amma hazırda ad, soyad çəkmək istəmirəm.
- Bildiyim qədərilə, Yeqor Beqomolskini "Zirə" istəyir. Onunla bağlı qərar vermisiniz?
- Bəli, düşünürəm ki, Yeqor çox istedadlı oyunçudur. Gəncdir, bizdə belə oyunçulara ehtiyac var, hansı ki, inkişaf edə bilərlər. Bu gün də çox yaxşı oyun göstərdi. Bir neçə qol şansı oldu, amma təcrübə çatışmazlığına görə dəyərləndirə bilmədi.
- Qalacaq, ya gedəcək?
- Qalacaq.
- Yerli, yoxsa əcnəbi oyunçuların hazırlığından razısız? Ümumiyyətlə, yerli oyunçular haqda fikirləriniz nədir?
- İlk hissədə həm yerli, həm əcnəbi oyunçular özlərini yaxşı göstərdilər. Oyunboyu futbolçuları yerli və legioner olaraq ayırmıram. Eddini qeyd edərəm, yaxşı oyun nümayiş etdirdi. Qapıçı Rza Cəfərovu da vurğulayardım. Emin Mahmudov çox yaxşı qol ötürməsi verdi. Çoxlu oyunçular var ki, özlərini yaxşı tərəfdən göstərə bildilər. Təəssüflər olsun ki, bütün oyunu dözəcək gücləri yox idi.
- Vikipediyanızda xüsusi maraqlı məqamlar qeyd olunub. Bir də öz xüsusi zarafatlarınızla seçilirsiz. Maraqlıdır, üç gün ərzində "Neftçi" futbolçularının yumor hissini yoxlaya bilmisinizmi?
- Futbolçularla hər zaman həmsöhbət olmağı sevirəm. İstəyirəm ki, hər oyunçuya eyni yanaşım. Oynayana da, oynamayana da. Bəzən zarafat etmək futbolçulara, komandadaxili atmosferə yaxşı təsir edir. Ancaq o demək deyil ki, hər gün zarafat edirik.
- Rusiyada daha çox güc futboluna üstünlük verilir. Siz də bu oyunu sevirsiz. "Neftçi" bu baxımdan necә olacaq?
- Çalışacağıq ki, çempionatda "bir nömrə" - hücum futbolu oynayaq.
Əlbəttə, istəyirəm ki, komandamız Premyer Liqada dominant futbol oynasın və bunun üzərində işləyəcəyik.
- Hәmişә jurnalistlәr sizә sual verib. İndi mikrofonu sizә versәk, bizә nә sualınız olardı?
- Jurnalistlərlə münasibətim hәmişә yaxşı olub. Bunu öz işimin bir hissəsi kimi qəbul edirəm. Hər zaman bütün suallara cavab verməyə hazıram. Futbola, "Neftçi"yə aid nə sualınız varsa, mənə ünvanlaya bilərsiz. İstər qələbə qazanaq, istər məğlub olaq, istər heç-heçə edək - istәnilәn suala açığam.
- İstədiz-istəmədiz Premyer Liqa oyunlarında sələfiniz Adrian Mutu ilə müqayisə olunacaqsız. Buna hazırsınız?
- Əlbəttə, müqayisəli suallara da cavab verә bilәrәm. Əvvəl o işləyib, indi mən. Sualları qəbul etməyə hazıram. Jurnalistlərin, azarkeşlərin bizi müqayisə etməyi normaldır.
- Ümumiyyətlə, "Neftçi"dәn tәklif necә gәldi?
- Menecerim vasitəsilə təklif aldım. "Neftçi" hər zaman yuxarı pillələri hәdәflәyir. Ona görə çox düşünmədim.
- Əvvəlki iş yerlərinizdə emosional biri kimi tanınmısız. Amma indi məşqlərdə daha sakit görünürsünüz.
- Yaş da öz sözünü deyir (gülür).
- Sosial şəbəkələrə baxsaq, "Neftçi" azarkeşləri bu təyinata nikbin yanaşmır. Onlara sözünüz nədir?
- Bir az gözləsinlər.