"Neftçi" Azərbaycan Premyer Liqasının ikinci yarısınının hazırlıqlarını Türkiyənin Antalya bölgəsində davam etdirir.
"Ağ-qaralar"ın hücumçusu Lukas Melano Sportal.az saytına müsahibə verib. Argentinalı forvard toplanışı dəyərləndirib:
- Təlim-məşq toplanışı necə keçir?
- Toplanışı çox yaxşı dəyərləndirərdim. Həm biz futbolçulara, həm də yeni baş məşqçimizə köməyi olacaq. Məşqçinin bizi tanımasını, onun bizdən nə istədiyini burada anlayacağıq. Çempionatın ilk yarısı o qədər də ürəyimizcə olmadı. Ümid edirəm ki, bu təlim-məşq toplanışının komandaya xeyri olacaq və mövsümün qalan hissəsini yaxşı keçirəcəyik.
- Yeni baş məşqçinin tələblərinə və fəlsəfəsinə uyğunlaşma prosesi necə gedir?
- Biz hamımız peşəkar futbolçularıq. Komandada xeyli təcrübəli oyunçu var. Karyeramız ərzində müxtəlif məşqçilərlə işləmişik. Dərk edirik ki, keçmiş baş məşqçi artıq keçmişdə qaldı. Biz məşqçiyə uyğunlaşmalıyıq, o da bizə. Deyərdim ki, o qədər də çətinlik yoxdur. Çünki, Miodraq Bonoviçin istədiyi hər şeyi anlayırıq və yerinə yetirməyə çalışırıq.
- Mövsümün ikinci yarısından gözləntilərin nədir?
- Əlbəttə ki, gözləntilərimiz çoxdur. Hər fərdi olaraq, həm də kollektiv şəkildə pozitiv nəticələr gözləyirik. Mən komandaya gələndə çempionat artıq başlamışdı. Komandada çoxlu yeni oyunçular var idi. Buna görə də bir-birimizə uyğunlaşma prosesi gedirdi. Amma düşünürəm ki, bundan sonra yaxşı olacaq. Yeni ilə qələbə qazanaraq yaxşı başlamaq istəyirik.
- Artıq uyğunlaşma prosesinin bitdiyini düşünmək olar?
- Bəli. Artıq komandaya tam adaptasiya olmuşam. Çempionatın ilk yarısında da uyğunlaşma prosesi çox çətin keçmirdi. Kollektivimiz, klubun əməkdaşları, şəhər məni yaxşı qarşıladı. Adaptasiyam gözlədiyimdən tez keçdi.
- "Neftçi"nin mövsümün əvvəlində qeyri-stabil çıxışının səbəbi nədir?
- Hansısa xüsusi səbəb görmürəm. Bir çox amillər var ki, belə nəticələrə gətirib çıxarırdı. Bəzən elə olurdu ki, yaxşı oynayırdıq, amma sonda istədiyimiz nəticəni əldə edə bilmirdik. Bəzən də yaxşı oyun göstərmirdik, amma 3 xal qazanırdıq. Komandanın yeni olması əsas səbəb idi. Yeni məşqçilər, yeni futbolçular... Hamının bir-birinə uyğunlaşması vaxt apardı.
- Hücumçu olmağına baxmayaraq, çox qol vurmursan. Bu, nə ilə bağlıdır?
- Özümdən gözləntilərim çoxdur. Hücumçuyam, əlbəttə ki, qol vurmalıyam. Ən birinci işim budur. Amma bəzən alınmır. Çempionatın ilk aylarına nəzər salsaq, görərik ki, çoxlu qol epizodları yarada bilmirdik, top gəlib hücum xəttinə çatmırdı. Bir az çətinliklər yaranırdı. Bəzən elə olur ki, qol vurmasam belə, çalışıram ki, komandaya xeyirli oyunçu olum, ən azından qol ötürməsi edim. İnanıram ki, çempionatın ikinci hissəsi həm mənim üçün, həm də komanda üçün fərqli olacaq.
- Mövsümün ikinci yarısı üçün hədəflər nədir?
- 2023-cü ili 3-cü pillədə bitirdik. Bəzi oyunlarda lazımsız xal itkiləri olmasaydı, daha yuxarıda ola bilərdik. Komanda olaraq məqsədimiz bacardığımız qədər hər oyunda qələbə qazanıb xallarımızı artırmaqdır. Komanda şəklində oyunumuz yaxşı alınsa, fərdi şəkildə bunun mənə də təsiri olacaq.
- Fərqli mentalitetdən, uzaq ölkədən Azərbaycana gəlmisən. Burada yaşamaq sənin üçün çətin olmadı?
- Heç bir çətinliyim yoxdur. Ölkəyə, şəhərə, komandaya, insanlara çox rahatlıqla uyğunlaşmışam. Yegane çətinliyim dillə bağlı ola bilər. Amma ingilis dilini bildiyim üçün özümü idarə edə bilirəm.
Elçin Əlixan, Antalya
saytlarin hazirlanmasi