"Səbail"in kapitanı Yusif Nəbiyev Sportal.az saytına müsahibə verib.
- "Qarabağ"la matçda komandanız məğlub oldu. Həmin görüş sizin üçün necə alındı?
- "Qarabağ"ın gücü onsuzda hamıya bəllidir. Oyun baxımından əlimizdən gələni etdik. Xal qazanmaq istəyirdik. Ancaq təəssüf ki, alınmadı. Artıq həmin görüş geridə qaldı və biz qarşıdakı oyunlara hazırlaşacağıq. İstəyirdik ki, xalla ayrılaq. Alınmadı.
- Maraqlıdır ki, komanda ikinci yarıda daha yaxşı oynadı, daha çox qol epizodları yarada bildi. Xal almağa nə çatmadı, ustalıq səviyyəsi, yoxsa təcrübə?
- İlk növbədə təcrübə çatmadı. Çünki bizim heyətimiz gəncdir. Amma bu cür oyunlar hamımıza təcrübə qazandırır. Çünki rəqibimiz "Qarabağ" idi. Gələcək oyunlarda daha rahat olacağıq. Buna çox inanıram.
- "Qarabağ"a qarşı ötən mövsüm oynamaq daha çətin idi, yoxsa bu mövsüm?
- "Qarabağ"a qarşı oynamaq hər zaman çətindir. Çünki həqiqətən də çox yaxşı, dinamik, sürətli futbolçulara sahibdirlər. Amma bu o demək deyil ki, "Qarabağ"a qarşı oynamaq olmaz. Əzmkar, döyüşkən olmaq lazımdır ki, "Qarabağ"la oyunlardan xal və ya xallar qazana biləsən.
- "Səbail" 6 turdan sonra 4 xalla 8-ci pillədədir. Hazırkı durum özünüz üçün ürəkaçandır, yoxsa daha yaxşı pillələrdə olacağınızı ehtimal edirdin?
- Təbii ki, ürəkaçan deyil. Hamı kimi mən də komandamı yüksəkdə görmək istəyirəm. Çalışıb bu vəziyyətdən çıxacağımıza inanıram.
- Növbəti turda "Sabah"la qarşılaşacaqsınız. Bu matçda qalib gəlməyiniz nə dərəcədə realdır? Səncə, "Sabah"ı məğlub edə bilərsiz?
- Çətin oyun olacağı dəqiqdir. Amma biz hazırlaşacağıq. Meydana çıxanda da əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq. İnanıram ki, bunu bacaracağıq.
- "Səbail" bu mövsüm Premyer Liqada qalmaq uğrunda oynayacaq, yoxsa avrokuboklardır məqsədiniz? Səncə, bu cür davam edəcəyi təqdirdə, Premyer Liqada qala biləcəksiz?
- İndi avrokubok və ya Premyer Liqadakı yerimizi qorumaq haqda danışmaq üçün çox tezdir. Qarşıda çox oyunlar var. Əlimizdən gələni edəcəyik ki, yuxarı pillələrdə olaq.
saytlarin hazirlanmasi