"Qəbələ"nin müdafiəçisi Murad Musayev Sportal.az saytına müsahibə verib.
- “Qəbələ" bu tur əsas rəqiblərdən olan "İmişli"ni səfərdə məğlub etməyi bacardı. Mövsümdə ilk dəfə qol buraxdınız, ancaq qalib gələ bildiniz. Mövsümü qol buraxmadan tamamlamaq yəqin ki, çətin olardı?
- Əlbəttə ki, əsas olan qalib gəlmək idi. İstəyirdik ki, rəqiblərimizdən bir az da uzaqlaşaq. Bəli, bu sezon qol buraxmamışdıq. Çalışırıq ki, müdafiədə diqqətli və keyfiyyətli oynayaq. Lakin vacib olan qalibiyyətdir ki, onu da qazandıq.
- “Karvan" “Qəbələ”dən 7 xal geridədir. Yəqin ki, bu mövsümü çempion kimi tamamlayacaqsız? Turnir cədvəlində sizə çata bilən komanda görünmür. Çempionluğa, Premyer Liqaya qayıdışa yaxın olduğunuzu hiss edirsiz, yoxsa bu haqda hələ düşünmürsüz?
- Əsas istəyimiz və şübhəsiz ki, tapşırığımız çempion olmaqdır. Premyer Liqaya qayıtmaq əsas məqsədimizdir. Lakin bu haqda danışmaq tezdir. Biz yavaş-yavaş o məqsədə doğru irəliləyirik. Qarşıdakı matçları düşünürük.
- “Qəbələ" yəqin ki, Birinci Liqa klubları arasında Premyer Liqaya infrastruktur olaraq ən hazır komandadır. Digər klublar arasında Premyer Liqaya hazır komanda var? Bu sezon sizə ən çox çətinlik yaradan komanda hansı oldu?
- Doğrudur, “Qəbələ”də olan şərait və vəziyyət heç kimə sirr deyil. İllərdir ki, Premyer Liqada mübarizə aparırıq. İndi də aşağı liqada uğurlu çıxış edərək, yenidən yüksək liqaya vəsiqə qazanmaq niyyətindəyik. Birinci Liqada asan və rahat oyun yoxdur, hər matç çətin keçir. Məncə, Birinci Liqada oyunlar daha da çətindir. Hər komanda bizə çətinlik yarada bilir.
- Premyer Liqadakı "Qəbələ" və Birinci Liqadakı komanda arasında heyəti saymasaq, hansı fərq var? Ən azından ötən mövsümkü komanda arasında indiki ilə fərq yüksəkdir?
- İmkanlar baxımından hər şey eynidir. Bizim üçün hər cür şərait yaradılıb. Çox gözəl şəkildə də davam edir. Böyük fərq görmürəm.
- 2025/2026 sezonundan Premyer Liqada legioner limiti tətbiq olunmayacaq. Hazırkı komandadan Premyer Liqa üçün az oyunçu cəlb ediləcəyini düşünürsən, yoxsa elə indiki heyəti köklü dəyişməsəz də, Premyer Liqada oynaya bilərsiz?
- Qərarı verən rəhbərlik və komandamızın baş məşqçisidir. Bu gün üçün biz üzərimizə düşən vəzifə “Qəbələ”ni Birinci Liqada çempion etməkdir. Gələcəkdə necə olacağını zaman göstərəcək. İndi biz yalnız növbəti görüşlərə və ümumiyyətlə bu sezon uğurlu çıxış etməyə fokuslanmışıq.