Azərbaycan Premyer Liqasının 22-ci turunda "Səbail"ə 1:2 hesabı ilə uduzan "Zirə"nin baş məşqçisi Samir Abasov oyundan sonra fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, 41 yaşlı mütəxəssis yenilgini şərh edib: "Uduzsaq da, yaxşı oyun oldu. Oyunçulardan həddən artıq razıyam. Onlardan ağızdolusu danışa bilərəm. Təəssüf ki, iki yarımepizod an məğlubiyyətə səbəb oldu. "Səbail" bura heç-heçə etməyə gəlmişdi, oyunun gedişatından görünürdü. Bu da normal haldır. Maşallah, son zamanlar yaxşı çıxış edirik. Bu gedişlə gələcəkdə nəyəsə bail olacağıq".
Abasov oyunun sonunda komandaların üzvləri arasında baş vermiş qalmaqaldan danışıb: "Orada nə baş verdiyini heç özüm də başa düşmədim. Bizə dedilər ki, hər iki komandanın futbolçuları arasında münaqişə var. Mən də gedib, sakitləşdirdim. Ancaq nə baş verdiyini bilmirəm və bunu araşdırmağa ehtiyac da yoxdur. Futbol emosiyalar üzərində qurulur".
Mütəxəssis "Səbail"in qələbəni çılğın şəkildə qeyd etməsi barədə bunları söyləyib: "Xeyr, rəqibin sevinci bizi qıcıqlandırmadı. Lap qıcıqlandırsa, nə olacaq? O zaman mən də qoşulub dava etməliyəm? Belə bir şeyi heç fikirləşmirdim də. Bu münaqişə vacib deyil".
Samir Abasov 3-cü yer uğrunda sona qədər mübarizə aparacaqlarını deyib: "3-cü yer uğrunda şanslarımız qalıb. Sona qədər mübarizə aparacağıq. Hər oyunda qələbə bizə motivasiya olacaq".
saytlarin hazirlanmasi