Rail Məlikov: "Komandada xaraktersizlik olduğuna inanmıram" MÜSAHİBƏ

21:14 - 13 Aprel 2019

“Sumqayıt”ın müdafiəçisi Rail Məlikov Azərbaycan Premyer Liqasının 24-cü turunda səfərdə “Zirə”yə 0:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı futbolçu əvvəlcə məğlubiyyəti şərh edib:

 

- Komandamız meydanda yaxşı mübarizə apardı, hamı döyüşdü. Ancaq şanssızlıq, konkret desək, dirəkdən qayıdan 2 topumuz oldu. Bunları qola çevirə bilsəydik, tam başqa cür olardı. Bu gün rəqib daha şanslı idi. Amma əziyyətlərini də yerə vurmaq istəmirəm. Meydanda bərabərsəviyyəli oyun getdi. Xal götürə, hətta qələbə də qazana bilərdik.

 

- Komandanız hücumda çoxala bilmirdi. Digər tərəfdən, sanki xarakter nümayiş etdirmək istəmirdi...

- Bunu baş məşqçi deyə bilər. Ancaq komandada xaraktersizlik olduğuna inanmıram. Sonadək xarakter göstərdik, əziyyət çəkdik. Kimsə zəif təsir bağışlaya bilər. Gələn oyunlara nikbin baxırıq.

 

- Demək olarmı ki, yeni transferlər komandaya heç nə ilə kömək edə bilmirlər?

- Bu barədə heç nə danışa bilmərəm. Çünki mənim işim deyil.

 

- “Zirə” ölkə kubokunun yarımfinalında da sizə rəqibdir. Səncə, bu cür oyunla finala çıxmaq mümkün olacaq?

- Kubok ayrı, çempionat ayrıdır. Fərqli oyunlar olur. Bu cür oyun deyəndə ki, biz bu gün “Zirə”dən zəif çıxış etmədik. Hətta bizim üstünlüyümüz var idi. Sadəcə, şanssızlıq imkan vermədi. Pis oyun göstərib uduzmaq başqadır. Çempionatda belə bir deyim var ki, pis oyna, 3 xal qazan. Ancaq kubokda elə deyil. Gələcəyə nibkin baxırıq.

 

- Şansları necə dəyərləndirirsən?

- Bunu Allah bilə bilər, biz yox. Kim güclüdürsə, o da qalib gəlsin.

 

- Sabah “Keşlə” “Qəbələ”ni udsa, “Sumqayıt” yenə sonuncu pilləyə düşəcək...

- İnanmıram ki, “Sumqayıt” mövsümü son pillədə bitirsin. Çünki komanda buna layiq deyil. Qabaqda oyunlarımız var. Maksimum xal toplayıb, irəli getməliyik.

Xəbər xətti