Ayxan Abbasov: "Sumqayıt"la avrokuboklarda çıxış etmək istəyirəm"

23:30 - 1 May 2019

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun yarımfinalında səfərdə "Zirə" 3:3 hesablı heç-heçə edərək finala çıxdıqları oyundan sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 37 yaşlı mütəxəssis finalı çıxmağı belə şərh edib: "Sumqayıt şəhərinin 70 illik yubileyidir. Finala yüksəlmək şəhərə hədiyyə oldu. Mövsümə "Zirə"də başlayanda kimsə desəydi ki, "Sumqayıt"la kubokun finalına çıxacaqsan, buna inanmazdım. Gənc mütəxəssis kimi finala yüksəlmək məni sevindirdi. Buna görə də əziyyəti olanlara minnətdaram".

 

Gənc çalışdırıcı matçda het-trik edən Peyman Babayinin meydana zədəli halda çıxdığını deyib: "Dünən Peyman məşqdə ciddi zədə aldı. Bu gün oynamamalı idi. Ancaq həkimlər oyuna yetişdirə bildilər. O da het-trik etdi, oyunun qəhrəmanı oldu". 

 

Abbasov finala layiq olduqlarını vurğulayıb: "Komandam finala layiq idi. Gənc futbolçulara inanmalıyıq. Bura gələndə düşünürdüm ki, legionersiz necə olacaq? "Sumqayıt"a gələndə risk etdim. Komandada istək, mehribanlıq, qələbə ruhu olarsa, nəticə qazanmaq olar. Gənc oyunçularla finala çıxmaq Azərbaycan futboluna siqnaldır".

 

Gənc mütəxəssis kubokun qalibi olub, avrokuboklara vəsiqə qazanmaq istədiklərini söyləyib: "Məşqçi kimi ilk addımlarımı "Zirə"də atmışam. Bunlar xoş xatirələr kimi qalır. İstəyirəm ki, "Sumqayıt"da uğurlara nail olum. Bu komanda ilə də avrokuboklarda çıxış etmək istəyirəm".

 

Abbasov avrokuboklara vəsiqə qazanacaqları halda, rəhbərliklə legioner transferinin mümkünlüyü barədə söhbət ediləcəyini bildirib: "Final oyunu lotereyadır. Ona görə də danışmaq istəmirəm. Premyer Liqada vacib 2 oyunumuz qalıb. Çempionatı sonuncu yerdə bitirmək istəmirik. Mövsüm bitəndən sonra bəzi şeyləri rəhbərliklə müzakirə edəcəyik".

Xəbər xətti