Azərbaycan Premyer Liqasının 27-ci turunda evdə "Sabah"ı 1:0 hesabı ilə məğlub edən "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, 37 yaşlı mütəxəssis öncə oyunu şərh edib:
"Bizim üçün önəmli oyun idi. Çempionatda taleyimizi həll edə bilərdik. Əsas rəqibimiz də xal itirmişdi. Ağır kubok oyunundan sonra komandanı kökləmək çətin oldu. Ancaq çox sağ olsunlar. Bu oyunun mahiyyətini başa düşdük və 3 xalı qazandıq. Düzdür, nəticə baxımından indi vəziyyət yaxşıdır. Amma uduzduğumuz matçlarda da yaxşı oyun sərgiləyirdik. Sonradan futbolçularımız tədricən uyğunlaşdılar və bu da nəticələrdə özünü göstərməyə başladı".
Gənc çalışdırıcı Azərbaycan kubokunun finalında "Qəbələ" ilə qarşılaşacaqları oyuna toxunub. Abbasov oyun şəraitinin hər iki komanda üçün eyni olacağını deyib:
"Hava şəraiti hər iki komanda üçün eynidir. Bizim kimi "Qəbələ" də finaldan 2 gün əvvəl oyuna gedəcək. Yerli şəraitə uyğunlaşmaq üçün əslində, minimum bir həftə lazımdır. Amma futbolu istənilən hava şəraitində oynamaq olar".
saytlarin hazirlanmasi