Türkiyədə təlim-məşq toplanışında Rumıniyanın "Konkordiya" klubu ilə 0:0 hesablı heç-heçə edən "Zirə"nin baş məşqçisi Samir Abasov matçla bağlı fikirlərini bildirib.
Sportal.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis komandaya gec qoşulan oyunçuların hələ tam hazır olmadığını deyib:
"Ankarada birinci oyunumuz idi. Yoxlama görüşlərində hesab elə də vacib deyil. Düzdü, futbolçulardan istədiklərimi tam ala bilməsəm də, ən azı "Zirə"nin oyun üslübuna yaxınlaşmaq lazım idi. Bakıdakı qarşılaşmalardan fərqli Türkiyədəki görüşlərdə bu məqsədi güdürdük. Bilmək istəyirdim ki, futbolçular həm hücumda, həm də müdafiədə nələr edəcək. Yaxşı imkanlarımız oldu, bəzən pis də çıxış etdik. Amma bu, bizi narahat etmir. Futbolçuları başa düşürəm, komanda ilk məşqlərdən sonra meydana yorğun halda çıxmışdı. Komandaya gec qoşulan Anastasios Papazoqlu, Soni Norde və Miloş Bakraç tam hazır deyil. Onlar da yavaş-yavaş bu oyunlarda formaya düşəcək. Xoş hal o oldu ki, gənc komandalarımızdan da bir neçə futbolçu bizimlədir. Bu gün də onlardan ikisi meydana da çıxdı. 16 yaşı olmağına baxmayaraq, Cəlal Hüseynov bu gün yaxşı təsir bağışladı. Həmçinin Kənan Cəfərov da pis təsir bağışlamadı. Tam gücümüzlə hazırlaşırıq, qarşıda daha 3 yoxlama oyunumuz var. Ümid edirəm ki, Premyer Liqanın startına kimi hər şey daha da yaxşı olacaq".
saytlarin hazirlanmasi