Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilə bu həftə başa çatacaq. Sentyabrın 14-də start götürəcək IV turda “Zirə” “Sumqayıt”ın qonağı olacaq.
Sportal.az xəbər verir ki, bu görüş iki komanda arasında ölkə çempionatlarında 17-ci duel olacaq. Bu görüşlərdə üstünlük “Zirə”nin tərəfindədir. Komanda oyunların yarıdan çoxunda – 9 dəfə qələbə qazanıb. Üç dəfə bir xalla kifayətlənən qəsəbə təmsilçisi 4 qarşılaşmadan məğlub ayrılıb.
33 qolun vurulduğu matçlarda top fərqi də “Qartallar”ın xeyrinədir – 21:12. Komandanın əvvəlki 16 qarşılaşmadakı ən yaxşı bombardiri Aleksandr Dedovla Vüsal İsgəndərlidir. Onların hərəsi 3 dəfə “Sumqayıt”ın qapısına yol tapıb.
9-cu dəfə sumqayıtlıların qonağı olacaq “Zirə” qələbələrindən üçünü rəqib meydanında əldə edib. Eyni sayda məğlubiyyəti olan komanda iki dəfə bərabərliklə kifayətlənib. “Qartallar” top fərqində üstünlüyə malikdir – 7:6.
Son oyunlara gəlincə, qəsəbə təmsilçisi ardıcıl üç qələbə qazanıb. 2019-cu ildəki iki matçda isə komanda qapısını da toxunulmaz saxlaya bilib.
saytlarin hazirlanmasi