"Sumqayıt"ın futbolçusu Amil Yunanov Azərbaycan Premyer Liqasının 5-ci turunda evdə "Sabah"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra açıqlama verib.
Sportal.az xəbər verir ki, 25 yaşlı forvard öncə qələbəni şərh edib:
"Hava şəraitini özünüz gördünüz. Belə oynamaq, həqiqətən də, çətin idi. Evdə oynayırdıq, ardıcıl 3 matçda uduzduğumuzdan, üzərimizdə təzyiq var idi. Bu oyunda qalib gəlməli idik. Sevinirik ki, bunu bacardıq. Vacib olanı 3 xal idi, onu da əldə etdik. Bu günkü matçda bəhanə etmirəm, amma hava şəraiti elə idi ki, epizodları tutmaq çətin idi. Bu görüşdə yalnız döyüşmək lazım idi. Komanda şəklində bunu etdik və vacib qolu vuraraq, qələbə qazandıq".
Yunanov "Sumqayıt"da cari mövsüm qol vurmamasının səbəbini açıqlayıb:
"Keşlə" karyerası məni geri atdı. Daha əvvəlki mövsüm "Sumqayıt"ın heyətində bir mövsüm ərzində 14 qol vurmuşdum. "Keşlə"də isə bir ara yaxşı olsa da, sonrası alınmadı. Son qarşılaşmalarda demək olar ki, ehtiyatda qalırdım. Bu da oyunuma təsirini göstərdi və məni bir qədər geri atdı. "Sumqayıt"a qayıtdıqdan sonra təlim-məşq toplanışını çətin keçdim. İndi isə yavaş-yavaş yaxşılığa doğru gedirəm. Çalışıram ki, daha yaxşı olum. Əvvəllər də çıxış etdiyim kimi formada olmadığımı anlayıram. Çətin vəziyyətdən çıxacağıma və hər şeyin yaxşı olacağına inanıram".
Amil növbəti turda "Qarabağ"a qarşı keçirəcəkləri oyundan söz açıb: "Bu komandaya qarşı istər-istəməz daha motivasiyalı çıxış edirsən. "Qarabağ", "Neftçi" kimi güclü kollektivlərlə oynamağı xoşlayıram. Bu, özümüz üçün də yaxşıdı. Səfərdə çıxış etməyimizə baxmayaraq, xal qazanmağa çalışacağıq. Hərçənd, "Qarabağ" da bütün komandalar kimi, öz meydanında yaxşı çıxış edir".
saytlarin hazirlanmasi