Soni Norde: "Yaxşı oynadıq, nəticə ürəyimizcə olmadı"

22:00 - 6 Oktyabr 2019

Azərbaycan Premyer Liqasının 7-ci turunda "Qəbələ" ilə 1:1 hesablı heç-heçə edən "Zirə"nin futbolçusu Soni Norde jurnalistlərin suallarını cavablandırıb.
 
Sportal.az xəbər verir ki, 30 yaşlı haitili hücumçu öncə oyunu şərh edib:
 
 
- Çətin olacağını bilirdik. Nəticə istədiyimiz kimi olmadı. İlk hissədə qol vurmağa çalışırdıq, amma buna nail olmadıq. Fasilədən sonra “Qəbələ” müdafiədə olduğu üçün hücumlarda tələsirdik ki, ilk qolu vuraq. Ancaq əksinə olduq, rəqib fərqləndi. Hesabı dərhal bərabərləşdirsək də, qələbə qolunu vura bilmədik. Fikrimcə, komandada hər şey qaydasında idi. Nəticə istəyimiz kimi olmadı.
 
- Qol vurmaq üçün “Qəbələ”nin fərqlənməyini gözləyirdiniz?
- İkinci hissədə tələsirdik. Müəyyən səhvlər etdik ki, bu da rəqibin qol vurmasına səbəb oldu. “Qəbələ”nin qolundan sonra baş məşqçimiz müəyyən taktiki gedişlərə əl atdı. Yaxşı oynadıq, nəticə ürəyimizcə olmadı.
 
- “Zirə”nin turnir cədvəlindəki yeri potensialınıza uyğundur?
- Fikrimcə, uyğun deyil. Komanda yoldaşlarımın ustalıq səviyyəsini nəzərə alaraq söyləyim ki, daha da irəli gedə bilərik. Nəticəsi bizi qane etməyən oyunlarda özümüz həmin şəraiti yaratmışıq ki, bu gün turnir cədvəlində istəmədiyimiz yerdəyik. “Qarabağ”la oyunda səhvlərimizdən qollar buraxdıq. Bu matçda da belə oldu. Səhvimizdən qol gördük. Səhvləri növbəti dövrələrdə təkrarlamağa çalışacağıq. İkinci dövrədə çalışacağıq ki, 3-4-cü yerlərdə tamamlaya bilərik.
 
- Riçard Qadze “Zirə” ilə müqavilə imzalayacaq. Bu, mövqeyini itirməyin anlamına gəlmir?
- Yekun qərar baş məşqçinin olacaq. Məşqlərdə çalışıram, istəyirəm komandaya kömək edim. Qadze yaxşı futbolçudur. Düşdüyümüz vəziyyətdə inanıram ki, Qadze də bizə kömək edəcək. Elə durumdayıq ki, bundan çıxmaq istəyirik. Start heyətlə bağlı qərarları baş məşqçi verir. Sonda hər şey bilinəcək.

Xəbər xətti