"Zirə"nin kapitanı Cavid Hüseynov Azərbaycan Premyer Liqasının 8-ci turunda səfərdə "Neftçi"yə 0:3 hesabı ilə məğlub olduqları matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi öncə məğlubiyyəti şərh edib:
- Komandada istək çatışmazlığı var idi. Bunu indiyə kimi çıxdığımız bütün oyunlardan sonra kənardan da bizə deyiblər. Bu gün əsas məqsədimiz mübarizə aparmaq idi. Məncə, bu, ilk hissədə bir az hiss olunurdu. Sadəcə, buraxdığımız toplar asan qollar idi. Şanslarımızdan istifadə edə bilmədik. Sonda belə acı məğlubiyyətlə üzləşdik.
- Şans demişkən, 90 dəqiqə ərzində qapıya 1 zərbə belə vurmadınız. Hansı şansı nəzərdə tutursunuz?
- Mən ötürmə verəndə Soni qapıçı ilə təkbətək çıxdı.
- Amma top qapıya tərəf getmədi.
- Qapı tirində dəydi, qapıya getmədi. Bu, şansdır. Onu qola çevirmək futbolçuların üzərinə düşür. İkinci hissə başlayan kimi mən topu irəli ötürdüm, üç futbolçu gəldi, 4-5 saniyə ərzində qapımızda qol gördük. Bu da onların şansı idi, dəyərləndirdilər. Çox asan qollar buraxırıq. Nəticədə də uduzduq. Düşünürəm ki, çətin olacaq. İtirdiyimiz xallar bizim üçün ağır nəticələr verə bilər. Medallar uğrunda mübarizəni itirə bilərik. Amma kağız üzərində hələ də şanslarımız qalıb.
- Razısınızmı ki, bu gün "Zirə" mövsümün ən bərbad oyununu oynadı?
- Xeyr, razı deyiləm. İkinci hissə başlayan kimi qol buraxmasaydıq, başqa cür də ola bilərdi. Ən pis oyunu bu gün oynadığımızı deməzdim.
- Yeni baş məşqçinin gəlişi ilə komandada dəyişiklik hiss olunur, yoxsa çox zamana ehtiyac var?
- Hər məşqçinin öz stili, oyun taktikası var. Çalışacağıq ki, Zaur Həşimovun dediklərinə əməl edək.
saytlarin hazirlanmasi