Azərbaycan Premyer Liqasında IX turun "Sabah" - "Zirə" oyunundan (2:2) sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Zaur Həşimov jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az xəbər verir ki, 38 yaşlı çalışdırıcı əvvəlcə görüş barədə fikirlərini bildirib:
- Həddindən artıq yaxşı hazırlaşmışdıq. İlk danışdığımız şey o idi ki, əvvəlcə komandanın mübarizliyini qaytaraq. İkinci hissədə qol vurduq, bir az özümüzə qayıtdıq. Ən pisi odu ki, ehtiyatsızlıqdan qol buraxdıq. Ancaq 2-ci hissə başqa "Zirə" meydana çıxdı. Gələcək işimizi də bu mübarizliyin üzərində quracağıq.
- 1 əvəzləmə etdiz. Soni Nordeni meydana buraxmaq olmazdımı?
- Ötən oyun Soni Norde meydanda idi, bir az axsayırdı. Riçard Qadzeni tanıyırdım, oyunboyu da soruşdum ki, meydanda qala bilər, ya yox.
- Hər iki qolda Orxan Sadıqlı topu götürə bilərdi. Buraxılan toplarda onun nə qədər günahı vardı?
- Komandaya ilk dövrədən sonra gəlmişəm. Bu komandayla sona qədər gedəcəyik. Orxanın da arxasındayam. Səhvlər qaçılmazdı.
- Nicat Süleymanov son saniyəyə qədər yaxşı mübarizə apardı. Xüsusi nə isə çalışırmı?
- Nicatla dünən fərdi söhbətim olub. Çox sevinirəm ki, mənim sözlərimi qəbul edib. Ona güvənirik.
- Tellur Mütəllimov sanki oyuna uyğunlaşa bilmirdi.
- Tellur 3-4 gündü ki, məşqlərə başlayıb. Oyunçuların beynində əvvəlki məşqçidən bir az fikirlər var. Bunların qalmasını istəmirəm. Meydanın içində nüanslar var ki, onun üzərində çalışacağıq.