Ayxan Abbasov: "Qol epizodlarından istifadə etsəydik, hesab böyük olacaqdı"

18:32 - 3 Noyabr 2019

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 10-cu turunda "Zirə" ilə heç-heçə etdikləri (2:2) oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, 38 yaşlı mütəxəssis 2 xal itirdiklərini deyib:

 

"Bu gün bizim üçün əhəmiyyətli oyun idi. Turnir cədvəlində yerimizi itirə bilərdik. Qalib gəlsəydik, irəliləyə bilərdik. Qol epizodlarından istifadə etsəydik, hesab böyük olacaqdı. Rəqib əks hücumda qol vurdu. Əsas odur ki, futbolçular qarşılaşmada ruhdan düşmədilər. Bu gün iki xal itirdik. Qarşıdakı oyunlara hazırlaşacağıq. Rəqibin başqa sxemdə oynamasını gözləyirdik".

 

38 yaşlı mütəxəssis bir müddət əvvəl əvəzedici heyətə göndərilən və bu gün isə əsas heyətdə meydana çıxan Aleksey İsayevin çıxışı barədə də danışıb:

 

"Onu əvəzedici heyətə göndərmişdik. Amma izləyirdik. Oyunçu istəklidir. Mənə dedi ki, hər şeyi unutmuşam və yaxşı oynamaq istəyirəm. O, tam formada deyil. Alekseyi 60-65 dəqiqə meydanda saxlamaq istəyirdim. Heç bir futbolçudan şikayətim yoxdur. Hamısından razıyam. İkinci yarıda daha çox qol epizodumuz oldu. Rəqib ilk yarıda bizi analiz elədi. Sonra istədiyimiz oyunu sərgiləyə bilmədik. Hücumlar yaxşı alınmadı. Birinci hissədə daha gümrah idik və hücumlar olurdu".

 

Gənc mütəxəssis Peyman Babayinin oyunu haqda isə belə deyib: "Peyman Babayi hər oyun epizoda girə bilər. Bu gün istifadə edə bilmədi, amma istəklidir. Komandaya gələndən sonra çox artırıb. Bunu hamı görür".

Xəbər xətti