Azərbaycan Premyer Liqasının XII turun"Sumqayıt" - "Qarabağ" (2:1) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı.
Sportal.az xəbər verir ki, 38 yaşlı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirdi:
- Şəhərimizdə bayram idi, istəyirdik ki, komanda olaraq hədiyyə edək. Çətin idi, ancaq bunun öhdəsindən gəldik. Həqiqətən, şəhərə bu sevinci yaşada bildik. "Qarabağ" çempionatımızın lideridi. Həftəboyu uşaqlarda istəyi görürdüm. İlk hissədən sonra onlara dedim ki, məğlub da olsaq, istəyinizi görürəm. Biz bu gün üçün deyil, gələcək üçün çalışırıq. İkinci hissə öz oyunumuzu göstərdik, layiqli qələbə qazandıq.
- Son oyunlarda geri düşürsüz, ancaq məğlub olmursuz. Bu komandanın xarakteri ilə bağlıdırmı, yoxsa fiziki cəhətə?
- Premyer Liqada bütün komandaların fizikisi hardasa eynidi. Əsas psixoloji məqamdı. Bizi sevindirən odur ki, geri düşsək də, məğlub olmuruq, sona qədər mübarizə aparırıq.
- "Qarabağ" sizə nədə uduzdu?
- Fasilədən sonra bir əvəzetmə etdik. Səbuhi Allahverdizadəni meydana buraxdıq. İlk hissədə yarımmüdafiədə aqressiya çatışmırdı. Bir az da taktiki dəyişiklik etdik. Bu oyunu gözləyirdik. "Qarabağ" topa sahib olan komandadı. Topa sahib olan zaman itki baş verərsə, boşluqlar olur. Futbolçular çalışdığımızı meydanda göstərdilər.
- Peyman Babayi qol vursa da, stabil oynamır. Bu, nədən irəli gəlir?
- Peyman gələndən çox fərqlidi. Onda perspektiv görmüşük. Əvvəl çatışmazlıqları çox idi. İndi taktiki cəhətdən düz oynayır. Qol imkanlarını dəyərləndirə bilməmək hər futbolçuda olur. İki hücumçumuz bombardirlər siyahısında yer alıb. Bu, sevindirici haldı.