Azərbaycan kubokunun 1/4 finalında keçirilən “Neftçi” – “Sumqayıt” (0:1) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az xəbər verir ki, 38 yaşlı mütəxəssis əvvəlcə qələbəni şərh edib:
- Kubok oyunu iki matçdan ibarətdi. “Neftçi”nin gücü bəllidi, geniş heyətə sahibdilər. Çalışmışdıq rəqibi düzgün analiz edib, yaxşı hazırlaşaq. Futbolçular tapşırıqları yerinə yetirməyə çalışdılar. İkinci qolu vura da, qol buraxa da bilərdik. İkinci oyun daha çətin olacaq. Vuruşmağa söz vermişik. Çalışcağaıq cavab matçında uğurlu olaq.
- “Qəbələ” ilə görüşdən sonra Elvin Bədəlovu oynatmaq riskli edyildi?
- Xeyr. Komandada olan bütün futbolçulara inanıram. Futbol səhvlərin üzərində qurulub. Bir səhvə görə futbolçunu silsək, bu, düzgün olmaz. Oyunçulara inandığımı bildirirəm. “Zirə” ilə heç-heçədən sonra Peymanı “xalq düşməni” elan etmişdilər. Ancaq biz yenə ona şans verdik. Bu gün futbolçuların çıxışı bizi qane edir. Elvinə demişdim ki, sənə inanıram, o da ən yaxşlardan idi.
- Bu nəticədən sonra bir addım önə keçdiyinizi demək olarmı?
- Hər halda, rəqib “Neftçi”di. Onların ehtiyat qüvvəsinə baxsaq, digər 7 komandanın baş məşqçiləri o futbolçuları heyətində görmək istəyər. Şansımız var. Amma hər şey cavab matçında həll olunacaq.
- Çempionatda “Qarabağ”ı məğlub etmişdiz, bu gün “Neftçi”yə qalib gəldiz. Güclü rəqibləri məğlub etməyin formulunu tapmısız?
- “Qarabağ” ilk məğlubiyyətini bizdən aldı. Bu o baxımdan sevindiricidi ki, futbolçuların inkişafında belə oyunlar önəmlidi. Oyuna baxanda bəzi epizodlarda gənclərin təcrübəsizliyini gördük. Çalışıram, futbolçuları maksimum kökləyim ki, rəqibdən çəkinməsinlər. Məni sevindirən odu ki, qol vurduq, şanslarımız oldu. Komandanın potensialı var. Səbirli olsaq, gələcəkdə “Sumqayıt” yaxşı yerlərdə olacaq.