Visente Qomes: "Hansısa oyunçunu günahlandırmaq istəmirəm"

18:31 - 19 Fevral 2021

"Birinci hissədə qol imkanlarımız demək olar ki, elə də çox olmadı, ön xətdə çoxala bilmədik. Rəqib səhvimizdən yararlanıb qol vurdu. İkinci yarıda isə hesabı dəyişməyə çalışdıq, yenə öz səhvimizdən qapımızda qol gördük və istəmədiyimiz məğlubiyyət aldıq".

 

Sportal.az xəbər verir ki, bu fikirləri "Sabah"ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının XVI turunda səfərdə "Səbail"ə 0:2 hesabı ilə uduzduqları görüşdən sonra mətbuat konfransında deyib.

 

40 yaşlı mütəxəssis uğursuz çıxışların qarşılığında klub rəhbərliyinin ona qarşı hümanist addım atmasına belə münasibət bildirib: "Bunu rəhbərlikdən soruşsanız, daha düzgün olar. Ölkə kubokunun 1/8 finalında "Kəpəz"ə 1:2 hesabı ilə uduzduğumuz ilk görüşdən sonra rəhbərliklə görüşüm oldu. Mən demək olar ki, rəhbərliklə hər həftə danışıram. Təkcə "Kepəz"lə dueldəki məğlubiyyətdən sonra yox. Hər həftə əlaqədəyik".

 

Qomes "Sabah"dakı işindən və komandanın oyunundan razı olmadığını da diqqətə çatdırıb: "Buraxılan qola görə hansısa oyunçunu günahlandırmaq, fərdlər barədə danışmaq istəmirəm. Mən də daxil olmaqla, əsas və ehtiyat oyunçular - hamımız daha çox şeylər edə bilərik və etməliyik".

 

Mütəxəssis "Siz, "Sabah"ın prezidenti olsaydınız, belə nəticələr qazanan baş məşqçini postunda saxlayardınız" sualına belə cavab verib: "Mən klub prezidenti deyiləm və heç vaxt olmayacağam. Yəqin ki, belə təcrübəm də olmayacaq (Report)".

Xəbər xətti