“Sabah”ın futbolçusu Aleksey İsayev “FutbolPress” saytına müsahibə verib.
Sportal.az həmin müsahibəni təqdim edir:
- “Neftçi”yə 1:2 hesabıyla məğlub olduz. Matç barədə danışardız...
- Maraqlı oyun alındı. İlk hissədə “Neftçi”, fasilədən sonra isə biz yaxşı oynadıq. Xal qazana bilərdik, ancaq təəssüf ki, məğlub olduq.
- Oyunun sonlarına doğru komandanız daha yaxşı görünürdü. İlk dəqiqələrdən belə oynamağa nə mane olurdu?
- Artıq bu matç geridə qalıb. Bir komanda olaraq səhvlərimizi təhlil edəcək və yolumuza davam edəcəyik. İndi yalnız qarışıdakı oyunumuza köklənmişik.
- Tez-tez uzaqdan zərbələr yoxlayırsız. Bu dəfə baxımlı qol alındı...
- Düzü, xüsusi xüsusi bir şey deyə bilmərəm. Əgər bu qol komandamın qələbəsində rol oynasaydı, nə isə demək olardı.
- “Sabah”dan gözləntilər böyükdü, ancaq sonuncu sıraya şəriksiz. Daha yaxşı nəticə üçün nə çatışmır?
- Gəlin, nəticə barədə danışmaq üçün tələsməyək. Hansı nəticəni göstərəcəyimizi mövsümün sonunda görəcəyik. Bizim yeni komandamız var, hansı ki, yaxşı nəticə göstərəcəyinə inanıram. İnanıram ki, bizdə hər şey alınacaq.
- Yeni komanda demişkən, bu yay da heyətdə ciddi dəyişikliklər baş verdi. Az qala hər transfer periodunda bu yaşanır. Düşünmürsən ki, heyətdə bu qədər dəyişiklik olması stabilliyə mane olur?
- Qeyd etdiyiniz məsələlərin mənə aidiyyatı yoxdu. Mənim işim futbol oynamaqdır. Bir daha qeyd edim ki, fikrimcə, bizim əla komandamız var.
- “Neftçi” ilə matçı De Byazi tribunadan izləyirdi. Milliyə namizəd futbolçulardansız. Özünüzü baş məşqçiyə göstərə bildiz?
- Milli komandaya nə vaxt gərək olsam, var qüvvəmlə kömək etməyə hazıram. Mən sadəcə ən yaxşı oyunumu sərgiləmək üçün əlimdən gələni edirəm.
- Növbəti turda mövsümün digər uğursuzu “Keşlə” ilə qarşılaşacaqsız. Azarkeşlər qələbə gözləsin?
- Azərbaycan çempionatında zəif rəqib yoxdu. Bu oyun da digərlərində olduğu kimi hər iki komanda qələbə üçün oynayacaq. Biz də 3 xal qazanmaq üçün əlimizdən gələni edəcəyik.