"Bizim üçün vacib qələbə idi. Rəqib son çempiondur və güclüfür. İlk hissədə istədiyimiz oyunu oynaya bilmədik, arxa xəttdə çoxlu səhvlərə yol verdik. Sonra özümüzə inamlı olduq. İkinci hissədə səhvlərimizi düzəltdik, iki əks-hücumla qollarımızı vurduq. Futbolçularım işlərinə yaxşı yanaşdı. Qarşıda işlərimiz çoxdur".
Sportal.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev səfərdə "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın 11-ci tur matçından sonra mətbuat konfransında deyib.
- "Neftçi" gözlədiyiniz kimi oynadı?
- Bəli, 3-5-2 sxemi ilə oynadılar. Cinahdan çox hücum edəcəklərini bilirdim. Onların başla yaxşı oynayan hücumçusu Tiaqo Bezerra meydanda olmadı. Bu, bir az xeyrimizə oldu.
- "Sabah" ilk dəfə "Neftçi"ni məğlub etdi. Bu statistik göstəricidən xəbəriniz var idimi?
- Bu haqda oyundan sonra bildim. Bizim üçün böyük qələbə oldu. Çox xoşbəxtəm buna görə. Sabahdan növbəti oyuna hazırlaşacağıq.
- Hücumları Ömər Buludovun cinahından etməyiniz əvvəlcədən hazırlanmış bir plan idimi?
- Ceyhun Nuriyev daha çox ortaya doğru oynayır. Sol tərəfdə isə Mikels və Alxasov yaxşı çıxış etdi.
- Sizi narahat edən məqam hansıdır?
- Bütün oyun planları narahat edir. Hamısının üzərində çox çalışmalıyıq. Məşqlərdə gördüklərimiz bizə ümid verir. Əsas olan dayanmamaqdır.
- Artıq Azərbaycan çempionatında 2 oyuna çıxmısız. Qış fasiləsində transfer baxımından ehtiyaclarınız çoxdur?
- Əlbəttə, bəzi mövqelərin gücləndirilməsinə ehtiyac var. Buna baxmayaraq, güclü heyətimiz var. Çox transfer edəcəyimizi düşünmürəm.
- Bütün oyun planında axsaqlıqların olduğunu dediz. Bundan əvvəlki baş məşqçi yaxşı çalışmayıb?
- Məndən əvvəl işləyən məşqçiyə və onun işinə hörmətlə yanaşıram. Mənim stilim başqadır. Kiminsə işini pis qiymətləndirmirəm. Mənim öz baxışım var. Hər məşqçinin öz baxışı var.
- "Krasnodar"da çox qeyri-adi futbol oynadırdız və uğur qazandız. "Sabah"la da avrokuboklarda çıxış etmək istəyirsizmi?
- Çox sözlər verməyi xoşlamıram. Çalışacam ki, hücum futbolu oynayaq.