Murad Musayev: "Deməli, "Keşlə"ni qaçmamağa biz məcbur etmişdik"

18:12 - 27 Noyabr 2021

"Çox parlaq ilk yarı izlədik. Meydanın hər tərəfində basqı qura, kombinasiyalı oyun sərgiləyə, yaxşı qollar vura bildik. Lakin ikinci hissədə ilk yarıdakı intensiv futbolu davam etdirə bilmədik. Bu vəziyyətdə xarakter və intizam göstərmək lazım idi. Nəticədə azarkeşlərin də dəstəyi ilə qələbə qazandıq. Qələbəni onlara həsr edirik".

 

Sportal.az xəbər verir ki, bunu "Sabah" komandasının baş məşqçisi Murad Musayev evdə "Keşlə"yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının 12-ci tur matçından sonra mətbuat konfransında deyib.

 

37 yaşlı mütəxəssis bildirib ki, fasilədə futbolçularına sanki meydana heç-heçə imiş kimi çıxacaqlarını deyib: "Fasilə ərəfəsində yüklənmə olmasa, bu nəticəni əldə edə bilmərik. Futbolçularımın məşqə yanaşmaları və oyunlara köklənmələrindən razıyam. Get-gedə yaxşı oluruq. İrəlidə görüləsi çox iş var, dayanmaq olmaz".

 

Musayev qış fasiləsində heyəti gücləndirməklə bağlı suala hələ cavab verməyə hazır olmadığını bildirib. O, hazırda qarşıdakı oyunları düşündüklərini bildirib: "Özümü əvvəlki baş məşqçi ilə müqayisə etmək istəmirəm. Bu, düzgün deyil. Mən yalnız özümdən danışa bilərəm".

 

Baş məşqçi Coy-Lens Mikelsin meydana çıxmama səbəbini də açıqlayıb: "Onun dizində problemləri var idi. Mikelsə iynə vurulub, İki gün vaxta ehtiyacı var".

 

O, "Keşlə"nin futbolçularının ilk yarıda qaçmamalarına dair rəqib baş məşqçi Sənan Qurbanovun fikirlərinə də münasibət bildirib: "Qurbanov belə düşünürsə, deməli, biz onları məcbur etdik və meydanda qaçmamalarının səbəbkarı bizik". (Report)

Xəbər xətti