"Sabah" Azərbaycan Kubokunun 1/8 finalında "Kəpəz"i 3:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.
Sportal.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında paytaxt təmsilçisinin baş məşqçisi Murad Musayev jurnalistlərin suallarını cavablandırıb:
- İlk hissə çox çətin idi. Rəqib demək olar ki, boşluq vermirdi. Əks-hücumlarda çox təhlükəli idilər. 2-ci hissədə daha çox irəlidə oynamağa başladıq. Yaxşı qollar vurmağı bacardıq və çoxlu dəqiq işlər gördük. Bizim üçün çox vacib qələbədir. Dəstəyə görə azarkeşlərə xüsusi təşəkkür edirəm.
- Çempionatda xal fərqinin çox olduğunu nəzərə alsaq, avrokuboklara vəsiqə qazanmaq üçün ölkə kubokuna daha çox diqqət yetirmək fikriniz var?
- Xeyr. Bizim üçün hər iki turnir önəmlidir. Qarşıdakı hər matçda çalışacağıq ki, maksimum yaxşı oyun sərgiləyək.
- Bu mövsümdə qarşınıza avrokuboklara vəsiqə qazanmaq tapşırığı qoyulub?
- Xeyr, belə bir tapşırıq yoxdur. Mən iştirak etdiyim oyunların hamısında qələbə qazanmaq istəyirəm. Bilirəm ki, komanda da bunu istəyir. Biz addım-addım getməliyik.